Yanvarın 6-da Azərbaycan Dillər Universitetində (ADU) ötən ilin yekunlarına həsr olunmuş Rektoryanı müşavirə keçirilib.
“Tehsil365” xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla yeni il münasibətilə əməkdaşları səmimi-qəlbdən təbrik edib, universitet kollektivinə və tələbələrə cansağlığı, yeni nailiyyətlər arzu edib.
Rektor ADU-nun Beynəlxalq jurnalistika şöbəsinin müdiri, Azərbaycan ədəbiyyatı kafedrasının baş müəllimi Nərgiz Qurbanlıya fəlsəfə doktoru elmi dərəcəsinin diplomunu təqdim edib, ona uğurlar arzu edib.
Ötən ilin yekunları ilə bağlı danışan rektor ADU-nun beynəlxalq uğurlarının artdığını, tədrisin keyfiyyətinin daha da yüksəldiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, ötən ilin sonunda ADU-da tarixi və mühüm bir tədbir keçirilib. Belə ki, ana dilimizin qorunması, inkişafı və beynəlxalq miqyasda təbliğinə xidmət edən “Azərbaycan dili” platformasının rəsmi təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, layihənin ideya müəllifi və rəhbəri Alena Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, ADU-nun rəhbərliyi, professor-müəllim heyəti, elm və təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər:
“Cənab Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxışı zamanı Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı söylədiklərinin fonunda bu cür platformanın realizə olunmasına böyük ehtiyac var idi. Universitetin alimləri və gənc mütəxəssisləri bu işi şərəflə yerinə yetirdilər”.
ADU əməkdaşlarına bu mühüm platformada faəl iştirakına görə təşəkkürünü bildirən rektor gələcəkdə də bu platformanın fəaliyyətinə əməkdaşlar tərəfindən yaxından dəstək göstəriləcəyinə əminliyini vurğulayıb.
ADU-nun Biliyin qiymətləndirilməsi şöbəsinin müdiri İranə Əsədzadə payız semestrinin qış imtahanı sessiyası haqqında məlumat verib.
Qeyd olunub ki, imtahanların şəffaf və obyektiv keçirilməsi üçün hər cür şərait yaradılıb.
Bildirilib ki, imtahanlar dörd növbədə (bakalavriat səviyyəsi üzrə imtahanlar saat 09:00-17:00-dək, magistratura səviyyəsi üzrə imtahanlar saat 18:00-20:00-dək) təşkil olunur. Sessiya ərzində bakalavriat səviyyəsində 531 qrup üzrə 7000-ə qədər, magistratura səviyyəsində isə 49 ixtisaslaşma üzrə 655 tələbə imtahan verəcək.
Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb.
Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin direktoru Aqşin Bağırov ADU ilə birgə həyata keçiriləcək layihələr haqqında məlumat verib. Bildirilib ki, kompleksdə Çin dilinin öyrənilməsi və tədrisi ilə bağlı müvafiq qurumlarla danışıqlar aparılıb. ADU ilə əməkdaşlıq çərçivəsində həm şagirdlərin, həm də müəllimlərin faydalana biləcəyi layihələrin önəmindən söz açılıb.
Daha sonra rektor ADU-nun maddi-texniki imkanlarının artırılmasının yeni perspektivləri haqqında danışıb.
Qeyd olunub ki, Elm və Təhsil Nazirliyi tərəfindən universitetə kompüterlər hədiyyə olunub. Bu da universitetin maddi-texniki imkanlarının yaxşılaşdırılması baxımından önəmli hadisədir.
Rektoryanı müşavirə müzakirələrlə davam edib.

