Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya fakültəsi nəzdində Xarici Dillərin Tədrisi Metodikası kafedrası tərəfindən kafedranın fransız dili üzrə təcrübəli pedaqoqları – b/m. Dürsədəf Cəfərova və b/m. Ruhəngiz Abbasovanın səmərəli pedaqoji fəaliyyətləri və uzunillik əməkləri nəzərə alınaraq təşəkkür və təqdir tədbiri keçirilib.
“Tehsil365” xəbər veirir ki, Tədbirdə çıxış edən kafedra müdiri dos. Sevinc Hüseynova müəllimlərin fəaliyyəti barədə məlumat verib, onların ali təhsilin inkişafına mühüm töhfələr verdiklərini vurğulayıb. Qeyd edilib ki, b/m. Dürsədəf Cəfərova və b/m. Ruhəngiz Abadova pedaqoji fəaliyyətləri dövründə fransız dilinin tədrisini yalnız dil qaydalarının öyrədilməsi ilə məhdudlaşdırmayıb, eyni zamanda tələbələrdə dilə, mədəniyyətə və beynəlxalq ünsiyyətə marağın formalaşdırılmasına xüsusi diqqət yetiriblər.
Azərbaycan Dillər Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri Misgər Məmmədov çıxış edərək məsuliyyət və pedaqoji etikaya sadiqlikləri ilə seçilən bu müəllimlərin həm tələbələr, həm də akademik kollektiv arasında hörmət və nüfuz qazandıqlarını, zəngin təcrübələri ilə gənc kadrların yetişməsinə əhəmiyyətli töhfələr verdiklərini qeyd edib. Bildirilib ki, bu yüksək peşəkarlıq və fədakarlığa görə müəllimlər xüsusi olaraq təbrik olunub.
Tədbirin sonunda kafedra əməkdaşları tərəfindən hər iki müəllimə fəxri diplom təqdim olunub.

