Azərbaycan Dillər Universitetinin (ADU) İngilis və Fransız dilləri fakültəsi, eləcə də İngilis və Alman dilləri fakültəsinin Xarici dil (ingilis dili) müəllimliyi ixtisası üzrə təhsil alan tələbələri ilə British Council arasında əməkdaşlıq çərçivəsində “Gələcəyin İngilis Dili (Future English)” layihəsi həyata keçirilir.
“Tehsil365” xəbər verir ki, Layihə çərçivəsində yaradılmış Onlayn Müəllim İcması ingilis dili müəllimləri üçün nəzərdə tutulmuş müasir və innovativ onlayn platformadır. Platforma regionda minlərlə ingilis dili müəllimini bir araya gətirən sərhədsiz və rəqəmsal peşəkar inkişaf məkanı rolunu oynayır.
İcma vasitəsilə müəllimlər bir-biri ilə əlaqə qura, əməkdaşlıq edə, təcrübə və bilik mübadiləsi apara, sinxron və asinxron təlimlərə çıxış əldə edə bilirlər. Həmçinin təlim keçmiş fasilitatorların dəstəyi ilə təhlükəsiz və strukturlaşdırılmış mühitdə peşəkar inkişaflarını izləmək imkanı əldə edirlər.
Layihə çərçivəsində IV kurs tələbələri proqramı uğurla başa vurmuş və kursun sonunda sertifikatlarla təltif olunmuşlar. III kurs tələbələri üzrə təlimlər isə hazırda davam edir.
“Future English” layihəsi gələcək müəllimlərin davamlı peşəkar inkişafını dəstəkləməklə yanaşı, regionda ingilis dili tədrisinin keyfiyyətinin artırılmasına da xidmət edir.

