Azərbaycanda 2025-ci ildə elmi dərəcələrin verilməsi və bu dərəcələrdən imtina halları ilə bağlı statistik göstəricilər açıqlanıb. Rəqəmlər elmi fəaliyyətə marağın artdığını, eyni zamanda qiymətləndirmə mexanizmlərinin sərtləşdirildiyini göstərir.
“Tehsil365” xəbər verir ki, Məlumat Ali Attestasiya Komissiyası tərəfindən təqdim edilib. Rəsmi statistikaya əsasən, ötən il 474 nəfərə fəlsəfə doktoru elmi dərəcəsi verilib. Bununla yanaşı, 284 nəfərin müraciəti müsbət qiymətləndirilməyərək rədd edilib. Bu göstərici müraciətlərin əhəmiyyətli hissəsinin tələblərə cavab vermədiyini göstərir.
Elmlər doktoru elmi dərəcəsi üzrə isə yanaşma daha seçici olub. Belə ki, 2025-ci ildə 82 nəfərə bu elmi dərəcə verilib, 37 müraciət isə rədd edilib.
Mütəxəssislərin fikrincə, imtina hallarının yüksək olması dissertasiyaların elmi yenilik meyarlarına cavab verməməsi, beynəlxalq elmi nəşrlərdə dərc tələblərinin yerinə yetirilməməsi və plagiat faktları ilə bağlıdır. Son illər keyfiyyət meyarlarının sərtləşdirilməsi bu nəticələri qaçılmaz edib.
Mövzu ilə bağlı təhsil mütəxəssisi Elçin Əfəndi “Yeni Müsavat”a danışıb. Mütəxəssis qeyd edib ki, Azərbaycanda elmlər doktoru, elmlər namizədi və ümumiyyətlə elmi adların alınması təxminən 2020-ci ilə qədər daha populyar idi.
Elçin Əfəndi
“Həmin dövrdə demək olar ki, hər yerindən qalxan elmlər doktoru adını daha asan şəkildə əldə etməyə çalışırdı. Biz faktiki olaraq elmlər doktoru adını alanların siyahısına baxsaq görərik ki, onların bir çoxu dissertasiya, elmi-tədqiqat işi barədə yetərli məlumata malik deyildi, bəziləri işi başqasına yazdırmışdı. Yəni bütün bunlar ciddi problemləri üzə çıxarırdı.
Son dövrlərdə isə artıq bu sahəyə ciddi diqqət ayrılıb. Belə ki, ölkə başçısı cənab Prezident İlham Əliyevin sərəncamı əsasında Azərbaycan Milli Elmlər Akademiyasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsindən sonra, eyni zamanda Attestasiya Komissiyasında müvafiq nəzarət mexanizmlərinin tətbiqindən sonra artıq müxtəlif yollarla bu elmi adları əldə etməyə çalışan şəxslər demək olar ki, müvafiq meyarlara uyğun gəlmədikləri üçün sıradan çıxarılırlar.
Qeyd olunduğu kimi, 2025-ci ildə 474 nəfərə fəlsəfə doktoru elmi dərəcəsi verilib, 284 nəfərin müraciəti isə müsbət qiymətləndirilməyib. Eyni zamanda elmi dərəcənin verilməsi ilə bağlı 37 nəfərin müraciətindən imtina olunub. Bu rəqəmlər onu deməyə əsas verir ki, bizim elmi-tədqiqat işlərinin aparılması təəssüflər olsun ki, müasir tələblərə və standartlara cavab vermir. Məhz buna görə də həmin şəxslərə imtina verilib və bu zaman konkret faktlar önə çıxarılıb.
Belə ki, müraciət edənlərin çoxunun elmi məqalələri beynəlxalq elmi jurnallarda dərc olunmayıb, əksəriyyətinin apardığı elmi-tədqiqat işi ilə bağlı müfəssəl informasiyası yoxdur. Yalnız müvafiq şablon çərçivəsində hansısa elmi-tədqiqat işi hazırlanır və təqdim olunur. Nəticədə isə məlum olur ki, bu işlər nə ölkə, nə də beynəlxalq miqyasda heç bir tələblərə cavab vermir. O cümlədən beynəlxalq elmi nəşrlərdə dərc olunmayıb, təqdim edilən elmi nəşrlərin isə heç bir çəkisi yoxdur.
Bundan başqa, elmi-tədqiqat işində hər hansı elmi yenilik yoxdur, elmi yenilik meyarlarına cavab verilmir və nəticə etibarilə başqasından köçürülmə, başqa mənbələrdən məlumatların mənimsənilməsi, plagiat halları bu tədqiqat işlərində xüsusilə yer alır və məhz buna görə də onlardan imtina olunur.
Qaldı ki, ölkəmizdə alim olmaq niyə çətinləşib sualına, qeyd etdiyim kimi, alim o şəxsdir ki, həqiqətən də götürdüyü elmi-tədqiqat işinin haqqını verir, ciddi araşdırmalar aparır, beynəlxalq simpoziumlarda çıxış edir, beynəlxalq elmi jurnallarda məqalələri dərc olunur, onun elmi işlərinə xarici ölkə vətəndaşları istinad edir. Təbii ki, həmin şəxsin elmi-tədqiqat işi istər ölkə, istərsə də dünya miqyasında diqqət çəkir və müsbət töhfələr verir. Belə olan halda bizdə alim olmaq elə də çətin deyil.
Lakin dırnaqarası alim olmağa cəhd edənlər üçün bu proses, təbii ki, çətindir. Çünki onlar bu adı almaq üçün müvafiq prosedur və qaydalara riayət etməlidirlər.
Dövlət İmtahan Mərkəzi tərəfindən doktorantura istiqamətində elmi adların alınması ilə bağlı namizədlər xarici dildən imtahan verməlidirlər. Bu imtahanlardan müsbət nəticə əldə etdikdən sonra onların apardıqları elmi-tədqiqat işlərinə Attestasiya Komissiyası baxır və müvafiq qərar qəbul edir. Yəni, həqiqətən də bu elmi-tədqiqat işi yararlıdırmı, burada müvafiq elmi yeniliklər varmı və sair məsələlər qiymətləndirilir. Belə olan halda, kimlər müvafiq standartlara və müasir çağırış tələblərinə uyğun elmi-tədqiqat aparırlarsa, məhz onlara elmi adlar verilir”

