Qırğızıstanla Azərbaycanın mədəni yaxınlığı deklarativ deyil, dərin mahiyyət daşıyır, belə ki, bu yaxınlıq dildə, ortaq dəyərlər sistemində və türk xalqlarının tarixən formalaşmış yaddaşında özünü göstərir.
“Tehsil365“ “AZƏRTAC”a istinadla xəbər verir ki, şair və nasir Kıyalbek Akmatov deyir ki:
Onun sözlərinə görə, iki ölkə arasındakı əsas oxşarlıq qırğızlarla azərbaycanlıların eyni kökdən gələn türkdilli xalqlar olması ilə bağlıdır: “Dillərimiz o qədər yaxındır ki, bir çox hallarda insanlar tərcüməçi olmadan da bir-birini anlaya bilirlər. Hər xalqın tarixinin özünəməxsus cəhətləri var, lakin dünyagörüşü, dini baxışlar və mədəni istiqamətlər baxımından aramızda çoxlu ortaq cəhətlər mövcuddur”.
Qırğızıstana mədəni baxımdan ən yaxın türk dövlətləri barədə danışan professor qeyd edib ki, geniş mənada Qırğızıstana bütün türk ölkələri yaxındır, lakin Qazaxıstanın xüsusi yeri var. O vurğulayıb ki, qazaxlarla qırğızlar arasında dil və ənənə birliyi o qədər güclüdür ki, bu, çox vaxt vahid mədəniyyət kimi qəbul olunur.
“Adət-ənənələrin və mədəni irs elementlərinin böyük əksəriyyəti bizdə ortaqdır, bir çox cəhətlər isə son dərəcə oxşardır. Bəzən hətta digər xalqların nümayəndələri bu iki xalqın mədəni xüsusiyyətlərini aydın şəkildə fərqləndirə bilmirlər”, – deyə Kıyalbek Akmatov bildirib.
Müsahibimiz ayrıca olaraq poeziyanın roluna toxunub. O qeyd edib ki, bu gün Türk dünyasının ortaq kodlarının ən aydın şəkildə müşahidə olunduğu sahələrdən biri məhz poeziyadır. Onun sözlərinə görə, poeziya gənc nəslin yeni formalar və mənalar axtarışına daha fəal üz tutduğu janra çevrilib və bu proses əsas dəyərlərə sədaqətin qorunması ilə müşayiət olunur.
Professor gənc qırğız müəlliflər arasında ən çox müraciət olunan mövzular sırasında Vətən, xalq, sevgi və humanizmi göstərib. Onun fikrincə, bu motivlər Azərbaycan poeziya ənənəsi ilə də səsləşir.
“Azərbaycanlı və qırğız şairlərin əsərlərində Vətənə, xalqa və ana dilinə sevgi, eyni zamanda bu dəyərləri qorumağa çağırış tez-tez səslənir. Gənclər millətin gələcəyinə biganə qalmır və öz münasibətlərini yaradıcılıqda ifadə edirlər”, – deyə o vurğulayıb.
Şairlərin və ədəbiyyatşünasların ümumi mədəni məkanın möhkəmləndirilməsindəki rolundan danışan Kıyalbek Akmatov bildirib ki, son illərdə türk dövlətlərinin müxtəlif istiqamətlər üzrə yaxınlaşması meyli daha aydın şəkildə hiss olunur və bu prosesdə ədəbiyyat ən təsirli körpülərdən birinə çevrilir.
Onun sözlərinə görə, əsərlərin qarşılıqlı yayılması, tərcümələr, ədəbi forumlar və birgə layihələr xalqların bir-birini daha yaxşı tanımasına, tarixi və mənəvi təcrübənin ümumiliyini dərk etməsinə şərait yaradır. Professor xatırladıb ki, bu prosesdə mədəni platformalar və təşəbbüslər, o cümlədən yaradıcı mühitin nümayəndələrini bir araya gətirən çoxsaylı tədbirlər təşkil edən TÜRKSOY mühüm rol oynayır.
Bununla yanaşı, onun sözlərinə görə, “Türkdilli xalqların gənc yazıçılarının ittifaqı” da əhəmiyyətli töhfə verir. Bu qurum kitabların nəşrindən tutmuş forum və görüşlərin keçirilməsinədək bir sıra layihələr həyata keçirərək Türk dünyası ölkələri arasında ədəbi dialoqun genişlənməsinə xidmət edir.

