6 yanvar 2026-cı il tarixində Şirvan-Salyan Regional Təhsil İdarəsinin inzibati binasında Salyan rayonu üzrə ümumtəhsil məktəblərində elektron (rəqəmsal) formada keçirilmiş monitorinqin nəticələrinə dair geniş müzakirə aparılıb.
"Tehsil365" xəbər verir ki, Görüşdə monitorinqə cəlb olunmuş məktəblərin direktorları, direktor müavinləri və müvafiq fənn müəllimləri iştirak ediblər.
RTİ-nin Tədrisin keyfiyyəti sektorunun müdiri Mahir Zahidov qeyd edib ki, region üzrə ümumilikdə 33 məktəbdə aparılan qiymətləndirmədən 7-si Salyan rayonunu əhatə edib. Bu məktəblərdə monitorinqə cəlb olunmuş IV, VI və IX sinif şagirdləri rayon üzrə həmin siniflərin təqribən 31%-ni təşkil edir.
Mahir Zahidov qeyd edib ki, elektron qiymətləndirmənin əsas məqsədi şagirdlərin bilik və bacarıqlarını obyektiv şəkildə ölçmək, tədris prosesində mövcud boşluqları aşkar etmək və onların aradan qaldırılması istiqamətində effektiv tədbirlərin görülməsinə zəmin yaratmaqdır. Bildirilib ki, belə monitorinqlərin tədris ili ərzində ən azı 3 dəfə keçirilməsi nəzərdə tutulur.

