Yanvarın 6-da Astara şəhər M.Ə.Sabir adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllim və şagird kollektivi Astara rayon Heydər Əliyev Mərkəzinə səfər təşkil edib.
"Tehsil365" xəbər verir ki, Ekskursiyanın məqsədi şagirdlərin tarixi və mədəni irsə olan marağını artırmaq, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini daha dərindən öyrənmək olub.
Ekskursiya zamanı məktəb kollektivinə Mərkəzin fəaliyyəti və burada sərgilənən eksponatlar barədə ətraflı məlumat verilib. Mərkəzin əməkdaşları tərəfindən Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətləri, dövlət quruculuğundakı rolu və Azərbaycanın müstəqillik yolunda atdığı mühüm addımlar geniş şəkildə təqdim olunub. Şagirdlər üçün xüsusi olaraq hazırlanmış eksponatlar onların diqqətini çəkib və maraq doğurub.
Tədbirin sonunda "Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti" mövzusunda videoçarx nümayiş etdirilib. Bu videoçarx vasitəsilə iştirakçılar Heydər Əliyevin Azərbaycan tarixində tutduğu yeri, siyasi irsini və dövlətçilik ənənələrinin inkişafında oynadığı əhəmiyyətli rolu daha yaxşı dərk ediblər. Şagirdlər nümayiş etdirilən materiallardan böyük maraq göstərərək, suallar veriblər və müzakirələr aparıblar.
Müəllimlər və şagirdlər ekskursiyanı olduqca faydalı və maarifləndirici hesab ediblər. Belə tədbirlər şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, tariximizin öyrənilməsində və milli dəyərlərin qorunub saxlanmasında mühüm rol oynayır.
Astara şəhər M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəb bu cür mədəni və təhsil yönümlü ekskursiyaların davam etdirilməsi üçün gələcəkdə də planlar hazırlayır. Məqsəd şagirdlərin bilik və dünyagörüşünü zənginləşdirmək, onları Azərbaycan tarixinə daha çox bağlamaqdır.

