“Öyrənmənin qrafik dizaynı” qrant layihəsi çərçivəsində açılış mərasimi baş tutub.
“Tehsil365” xəbər verir ki, layihə məktəblilərin qrafik dizayn sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsini, eyni zamanda öyrənmə prosesinin daha effektiv və yaradıcı formada təşkili məqsədi daşıyır.
Layihə çərçivəsində şagirdlər üçün qrafik dizayn üzrə praktiki məşğələlərin və interaktiv təlimlərin təşkili nəzərdə tutulur. Kurslarda iştirak etmək istəyənlər arasından 40 nəfər şagird seçiləcək.
Təlimlər zamanı iştirakçılar qrafik dizaynın əsasları ilə yanaşı, vizual düşünmə, yaradıcı problem həlli, tənqidi düşünmə, əməkdaşlıq və rəqəmsal ifadə bacarıqları üzrə də praktik fəaliyyətlər həyata keçirəcəklər.
Qeyd edək ki, “Öyrənmənin qrafik dizaynı” qrant layihəsi Aygün Nəcəfova Şəmsəddin qızı tərəfindən Bakı şəhəri Yasamal rayonu 31 nömrəli tam orta məktəbdə, tərəfdaş kimi Azərbaycan İncəsənət Məktəbi ilə birgə həyata keçirilir.
Layihənin əsas məqsədi şagirdlərdə qrafik dizayn bacarıqlarını inkişaf etdirməklə onların öyrənmə prosesində fəallığını və nəticəyönümlülüyünü artırmaqdır.

