Yola saldığımız 2025-ci il Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) fəaliyyətində uğurlu layihələr, tədbir və təqdimatlarla yadda qalıb.
“Tehsil365”in məlumatına əsasən, ilin əvvəlindən həyata keçirilən bir sıra layihələr davam etdirilib, mədəniyyət sahəsinin inkişafına xidmət edən ustad dərsləri və təlimlər təşkil olunub.
Ötən il dahi bəstəkar, Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi dövlət səviyyəsində qeyd edilib. MEMİM bu yubileyi müxtəlif layihə və tədbirlərlə qeyd edib.
“Sənət inciləri” silsilə mühazirə-konsertləri
18-28 sentyabr tarixlərində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəylinin XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində MEMİM tərəfindən 19-24 sentyabrda “Sənət inciləri” silsilə mühazirə-konsertləri təşkil olunub.
Tədbirlər Azərbaycan Dillər Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında keçirilib. Mühazirələrdə sənətşünaslıq üzrə fəlsəfə doktorları Aytən Babayeva, Pikə Axundova və Cəmilə Mirzəyeva dahi bəstəkarın yaradıcılığı, pedaqoji fəaliyyəti və Azərbaycan bəstəkarlıq məktəbində rolu barədə danışıb. Mühazirələrdən sonra konsert proqramları təqdim olunub. Çıxışlarda Beynəlxalq Muğam Mərkəzinin C.Cahangirov adına Xor kollektivi, Bakı Xoreoqrafiya Akademiyasının rəqs qrupu, Qərbi Kaspi Universitetinin xor kollektivi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak ediblər.
12 ixtisas üzrə ustad dərsləri
MEMİM-in Üzeyir Hacıbəylinin 140 illiyinə daha bir töhfəsi 8-18 oktyabr tarixlərində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyindəki musiqi və incəsənət məktəblərində təşkil olunan ustad dərsləri olub.
Tar, kamança, saz, balaban, qanun, xanəndəlik, fortepiano, violin, klarnet, violonçel, vokal və rəqs ixtisaslarını əhatə edən dərslər musiqi və incəsənət məktəblərində tədris proqramlarının zənginləşdirilməsi, müəllimlərin peşəkarlığının artırılması və şagirdlərin bacarıqlarının inkişafı məqsədilə keçirilib. Bakı, Xırdalan və Sumqayıt şəhərlərində yüzlərlə müəllim və şagird iştirak edib, sahə üzrə tanınmış mütəxəssislər tövsiyələrini veriblər.
MEMİM-in həyata keçirdiyi bu layihələr və tədbirlər Üzeyir Hacıbəylinin 140 illik yubileyinə verdiyi dəyərli töhfələrdən sayılır.

