Böyük Mançesterin iki ibtidai məktəbində – Ravensfield və Lily Lane məktəblərində müəllimlər təhlükəsiz və normal iş mühitinin olmamasına etiraz olaraq tətilə başlayıblar.
"Tehsil365" xəbər verir ki, NASUWT müəllimlər ittifaqının üzvləri bildiriblər ki, şagirdlərin demək olar ki, hər gün fiziki və psixoloji zorakılığına məruz qalırlar. Bu səbəbdən doqquz günlük tətil qərarı alınıb.
İttifaq nümayəndələri qeyd ediblər ki, bəzi müəllimlərə qarşı təpik atmaq, yumruqla vurmaq və təhqiramiz davranışlar adi hal alıb. Müəllimlər bu vəziyyəti "zorakılıq mədəniyyəti" adlandıraraq, məktəb rəhbərliyinin və yerli təhsil orqanlarının problemi həll etməkdə aciz qaldığını vurğulayıblar.
NASUWT nümayəndəsi bildirib ki, bu cür davranışlara qarşı təcili və təsirli tədbirlər görülmədiyi halda tətilin davam etməsi mümkündür. Məktəb rəhbərliyi və yerli təhsil qurumları isə məsələ ilə bağlı dialoqa açıq olduqlarını, şikayətlərin araşdırıldığını və müvafiq tədbirlərin görüləcəyini açıqlayıblar.

