Böyük Britaniyanın Təhsil Departamenti (DfE) gələcəkdə daxil olan e-poçtlara cavab vermək üçün süni intellekt (AI) texnologiyasından istifadə etməyi planlaşdırır.
"Tehsil365" xəbər verir ki, Yeni sistemin məqsədi cavabların hazırlanma müddətini 30 dəqiqədən cəmi bir dəqiqəyə qədər azaltmaqdır.
Planlara əsasən, AI sistemi vətəndaşlardan və təşkilatlardan daxil olan sorğulara sürətli və uyğun cavablar hazırlayaraq əməkdaşların iş yükünü yüngülləşdirəcək. DfE nümayəndələri qeyd edir ki, bu texnologiya insan nəzarəti altında işləyəcək və son cavablar təcrübəli əməkdaşlar tərəfindən yoxlanılacaq.
Departament vurğulayıb ki, məxfilik, dəqiqlik və etik standartlara riayət olunacaq, vətəndaşların məlumatlarının qorunması isə prioritet olacaq.
Ekspertlər bu addımı dövlət idarəçiliyində rəqəmsal çevrilmənin sürətlənməsi kimi qiymətləndirirlər, lakin bəzi mütəxəssislər AI-nin insan faktorunu tam əvəz edə bilməyəcəyini və mürəkkəb məsələlərdə hələ də peşəkar yanaşmanın vacibliyini bildirirlər.
DfE bu texnologiyanı ilkin olaraq sınaqdan keçirdikdən sonra daha geniş tətbiq sahələrini nəzərdən keçirməyi planlaşdırır.

