Bu gün – 10 yanvar tarixində tanınmış azərbaycanlı mühacir, həkim, ictimai-siyasi xadim Məhəmməd Kəngərlinin anadan olmasının 112-ci ildönümüdür.
"Tehsil365" xəbər verir ki, O, 1914-cü ildə Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa şəhərində dünyaya gəlmişdi.
Məhəmməd Kəngərli Azərbaycan siyasi mühacirət tarixində mühüm rol oynamış şəxsiyyətlərdən biridir. Gənc yaşlarından – 14 yaşından etibarən Müsavat Partiyasının Gənc Azər təşkilatına qoşularaq milli mübarizəyə başlamışdır. O, sonradan Azərbaycan Milli Mərkəzinin rəhbəri, eləcə də Məhəmməd Əmin Rəsulzadənin şəxsi həkimi kimi fəaliyyət göstərmişdir.
Həkim peşəsinə sahib olan Kəngərli, 1939-cu ildə SSRİ-Finlandiya müharibəsində iştirak etmiş, daha sonra İkinci Dünya müharibəsi zamanı əsir düşərək Azərbaycan legionunda hərbi həkim kimi xidmət göstərmişdi.
Uzun illər mühacirətdə yaşamasına baxmayaraq, ömrü boyu Azərbaycanın müstəqilliyi ideyasına sadiq qalmış Məhəmməd Kəngərli, 2006-cı ildə Türkiyənin Ankara şəhərində vəfat edib.
Onun xatirəsi Azərbaycan xalqının istiqlal və azadlıq mübarizəsinin unudulmaz simalarından biri kimi hörmətlə yad olunur.

