Bu gün – 10 yanvar tarixində Azərbaycanın görkəmli dilçi-alimi, türkoloq, elm və təhsil təşkilatçısı Afad Qurbanovun anadan olmasının 97-ci ildönümüdür.
"Tehsil365" xəbər verir ki, 1929-cu ildə Azərbaycanın Qazax bölgəsinin Cücəkənd kəndində dünyaya gələn Afad Məmməd oğlu Qurbanov ömrünü Azərbaycan dili və türkologiyanın inkişafına həsr etmiş, bu sahədə elmi məktəb yaratmış tanınmış alimlərdən biri olmuşdur.
O, hazırkı Latın qrafikalı Azərbaycan əlifbasının müəllifi, Azərbaycan Əlifba Komissiyasının sədri (1990-cı ildən) kimi milli yazı sistemimizin formalaşmasında əvəzsiz xidmətlər göstərmişdir. Uzun illər Azərbaycan SSR Natiqlik Cəmiyyətinə rəhbərlik etmiş, SSRİ Pedaqoji Elmlər Akademiyasının akademiki (1989), Azərbaycan Elmlər Akademiyasının üzvü (1983), filologiya elmləri doktoru, professor (1970) olmuşdur.
Afad Qurbanov həm də Əməkdar elm xadimi (1981), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1991) idi. Onun əsərləri Azərbaycan dilçiliyinin müxtəlif sahələrini əhatə edir və bu gün də ali məktəblərdə dərslik kimi istifadə olunur.
Afad Qurbanov 2009-cu ildə Bakı şəhərində vəfat edib. Onun elmi irsi və dil sahəsində qoyduğu zəngin töhfələr hələ uzun illər Azərbaycan elminə və maarifinə yol göstərəcəkdir.
Ruhu şad olsun!

