Bu gün – 10 yanvar tarixində Azərbaycanın tanınmış musiqişünası, pedaqoqu və ictimai xadimi Elmira Əbdülhəmid qızı Abasovanın anadan olmasının 94-cü ildönümüdür.
"Tehsil365" xəbər verir ki, 1932-ci ildə Bakıda doğulan Elmira Abasova Azərbaycan musiqi mədəniyyətinə və təhsilinə böyük töhfələr vermiş görkəmli alimlərdən biridir. O, 1962-ci ildə sənətşünaslıq namizədi elmi dərəcəsini, 1980-ci ildə isə professor elmi adını almışdır. Elmira xanım Azərbaycan SSR-in əməkdar incəsənət xadimi fəxri adına 1967-ci ildə layiq görülmüşdür.
Elmira Abasova 1955-ci ildən başlayaraq Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) pedaqoji fəaliyyət göstərmiş, 1977–1992-ci illərdə isə bu nüfuzlu təhsil müəssisəsinə rektorluq etmişdir. Onun rəhbərliyi dövründə Konservatoriyada ciddi elmi və yaradıcılıq inkişafı müşahidə olunmuş, musiqi təhsilinin səviyyəsi yüksəlmişdir.
O, həmçinin 1973–1990-cı illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi kimi musiqi həyatının təşkilində və inkişafında fəal iştirak etmişdir.
Elmira Abasova 2009-cu ildə Bakıda vəfat edib. Onun elmi və pedaqoji irsi bu gün də musiqi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.
Xatirəsi dərin hörmətlə yad olunur.

