Bu gün – 10 yanvar tarixində Azərbaycanın görkəmli bəstəkarı, Azərbaycan Respublikasının və Dağıstanın xalq artisti Elza İmaməddin qızı İbrahimovanın anadan olmasının 88-ci ildönümüdür.
"Tehsil365" xəbər verir ki, 1938-ci ildə Hacıqabulda dünyaya göz açan Elza İbrahimova milli musiqi mədəniyyətində özünəməxsus yeri olan sənətkarlardandır. Milliyətcə ləzgi olan bəstəkar, Azərbaycan musiqisinə romantik ruh, dərin lirika və incə melodiyalar bəxş edən unudulmaz əsərlərin müəllifidir.
Elza İbrahimovanın bəstələdiyi “Ey Vətən”, “Sən elə bir zirvəsən”, “Yalan ha deyil”, “Sevgi nəğməsi” və digər mahnılar bir neçə nəsil tərəfindən sevilərək ifa olunmuşdur. O, həmçinin simfonik, instrumental və vokal musiqi janrlarında da məhsuldar yaradıcılıqla çıxış etmişdir.
2008-ci ildə ona Azərbaycanın Xalq artisti fəxri adı verilmiş, musiqi sənətindəki xidmətlərinə görə yüksək mükafatlarla təltif olunmuşdur. O, eyni zamanda Dağıstan Respublikasının da Xalq artisti adına layiq görülmüşdür.
Elza İbrahimova 2012-ci ildə Bakıda vəfat edib. Onun zəngin irsi bu gün də dinləyicilərin qəlbində yaşayır və ifaçılar tərəfindən sevə-sevə səsləndirilir.
Xatirəsi daim ehtiramla yad olunur.

