Bu gün – 10 yanvar 2026-cı il tarixində Azərbaycanın tanınmış yazıçısı, şairi, tərcüməçisi və kinodramaturqu Baba Vəziroğlunun anadan olmasının 72-ci ildönümüdür.
"Tehsil365" xəbər verir ki, 1954-cü ildə İsmayıllı rayonunun Mollaisaqlı kəndində dünyaya gələn Baba Vəziroğlu ədəbi mühitə erkən yaşlarından qədəm qoymuşdur. O, yaradıcılığında insan mənəviyyatı, sevgi, vətənpərvərlik və milli dəyərləri ustalıqla qələmə alaraq geniş oxucu auditoriyasının rəğbətini qazanmışdır.
1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Baba Vəziroğlu müxtəlif illərdə nasir, şair və kinodramaturq kimi tanınmış, əsərləri təkcə ölkəmizdə deyil, xaricdə də nəşr olunmuşdur. Eyni zamanda, bir çox dünya ədəbiyyat nümunələrini Azərbaycan dilinə tərcümə edərək tərcüməçilik sahəsində də dəyərli töhfələr vermişdir.
Yaradıcılığına və mədəniyyətə verdiyi töhfələrə görə 1988-ci ildə Azərbaycan SSR Lenin komsomolu mükafatına, 2005-ci ildə isə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.
Baba Vəziroğlu bu gün də fəal yaradıcılıqla məşğuldur və Azərbaycan ədəbiyyatının inkişafında mühüm rol oynamaqda davam edir.Əlamətdar yubiley münasibətilə sənətkara uzun ömür, möhkəm can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

