Azərbaycan şahmat tarixində iz qoymuş, dünya arenasında ölkəmizi böyük uğurla təmsil etmiş gənc istedad, qrosmeyster Vüqar Qasım oğlu Həşimovun vəfatından bu gün 10 il ötür.
"Tehsil365" xəbər verir ki, O, 24 iyul 1986-cı ildə Bakıda anadan olmuş, 11 yanvar 2014-cü ildə Almaniyanın Heydelberq şəhərində uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.
Vüqar Həşimov Azərbaycan şahmatının qızıl nəsli arasında özünü xüsusi istedadı, dərin strateji düşüncəsi və yüksək intellekti ilə fərqləndirmişdi. 2002-ci ildə – cəmi 16 yaşında qrosmeyster adına layiq görülməsi onun gələcək uğurlarının başlanğıcı oldu. O, dünya şahmat reytinqində ilk onluqda yer alaraq Azərbaycanı beynəlxalq turnirlərdə ləyaqətlə təmsil etmişdi.
Vüqar Həşimov “Tata Steel”, “Grand Prix” və digər nüfuzlu yarışlarda parlaq çıxışları ilə yadda qalıb. Xüsusilə sürətli şahmat və blits üzrə möhtəşəm oyun üslubu şahmatsevərlərin böyük rəğbətini qazanmışdı.
Onun vaxtsız itkisi yalnız Azərbaycan şahmatı üçün deyil, ümumiyyətlə, dünya şahmat ictimaiyyəti üçün böyük itki oldu. Onun xatirəsini əbədiləşdirmək məqsədilə hər il “Vüqar Həşimov Memorialı” adlı beynəlxalq turnir keçirilir.
Azərbaycan şahmatının simvoluna çevrilmiş Vüqar Həşimovun xatirəsi daim əziz tutulacaq və gələcək nəsil şahmatçılar üçün örnək olaraq yaşayacaq.

