Astara şəhər 1 nömrəli tam orta məktəbində "Məktəbimizin Gənc Diplomatları" adlı qrant layihəsinin açılış mərasimi uğurla təşkil olunub.
"Tehsil365" xəbər verir ki, Layihə müəllimi Gülnar Məmmədova tərəfindən icra olunan bu təşəbbüs çərçivəsində 60 şagird və 12 müəllim üçün onlayn infosessiyalar, 4 saatlıq komanda quruculuğu təlimləri və 2 günlük Model United Nations (MUN) konfransı planlaşdırılır.
Layihənin əsas məqsədi şagirdlərin beynəlxalq münasibətlər sahəsində biliklərini artırmaq, debat, ictimai çıxış, analitik düşüncə və diplomatik yazışma bacarıqlarını inkişaf etdirməkdir. Təlimlər zamanı iştirakçılar MUN formatında keçiriləcək konfransda müxtəlif komitələrdə öz mövqelərini müdafiə etmək üçün komanda şəklində hazırlıq prosesindən keçəcəklər.
Mərasimdə layihənin əhəmiyyəti vurğulanaraq, belə proqramların gənclərin dünya siyasəti və diplomatiya sahəsində bacarıqlarını artırmaq üçün önəmli olduğu bildirilib. Layihənin uğurla başa çatması gözlənilir və şagirdlərin gələcəkdə beynəlxalq platformalarda daha fəal olmaları üçün yaxşı zəmin yaradacağı qeyd olunub.

