Bakı Slavyan Universitetində (BSU) belarus tələbələr üçün nəzərdə tutulmuş “Azərbaycan dili” dərsliyi hazırlanaraq nəşr olunub. Xaricilər üçün Azərbaycan dilinin A1 səviyyəsində tədrisini əhatə edən vəsait başlanğıc kurs xarakteri daşıyır.
“Tehsil365" xəbər verir ki, Müasir dilöyrətmə konsepsiyalarına və beynəlxalq dil səviyyələndirmə meyarlarına uyğun tərtib edilən dərsliyin əsas məqsədi öyrənənlərdə Azərbaycan dilində ilkin kommunikativ bacarıqların formalaşdırılması, gündəlik ünsiyyət üçün zəruri dil səriştələrinin inkişaf etdirilməsidir.
Dərsliyin məzmunu Avropa Dilləri üzrə Ümumi Çərçivə Proqramının (CEFR) A1 səviyyəsi üzrə deskriptorlarına, eləcə də Dövlət İmtahan Mərkəzinin Azərbaycan dilinin xarici dil kimi tədrisi proqramına uyğun qurulub. Bu, vəsaitin həm beynəlxalq standartlara, həm də milli normativ tələblərə cavab verdiyini göstərir.
Belarus tələbələr üçün hazırlanan ilk yeni Azərbaycan dili dərsliyi kimi vəsait sistemli və ardıcıl quruluşu, sadədən mürəkkəbə doğru inkişaf edən mövzuları ilə fərqlənir. Praktik və kommunikativ yönümlü olan dərslikdə gündəlik həyat situasiyalarına uyğun leksik və qrammatik materiallar təqdim olunur.
Dərslikdə dinləyib-anlama, danışma, oxu və yazı bacarıqlarının inkişafına yönəlmiş tapşırıqlar balanslı şəkildə yer alıb. Eyni zamanda mədəni və sosial məzmunlu ekstralinqvistik materiallardan istifadə olunması öyrənənlərin dili mədəni kontekstdə qavramasına imkan yaradır.
Vəsaitin sonunda təqdim olunan tərcümə lüğəti, eləcə də şəkil və illüstrasiyalar dərsliyin elmi-metodik və didaktik əhəmiyyətini artırır, müstəqil öyrənməni asanlaşdırır.
Yeni dərslik Azərbaycan dilinin xarici dil kimi tədrisinin genişləndirilməsi və beynəlxalq təhsil mühitində bu dilin mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

