Yeddi yanvar tarixindən etibarən 2025/2026-cı tədris ilinin ikinci yarımili üzrə peşə təhsili pilləsində təhsilin bərpası prosesinə start verilib.
“Tehsil365” xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) məlumat yayıb.
Bildirilib ki, müraciət etmək istəyən şəxslər portal.edu.az platformasında şəxsi kabinetə daxil olduqdan sonra "Təhsilalanların köçürülməsi və bərpası" xidmətini seçə bilərlər. Müraciət üçün son tarix 15 yanvar, saat 18:00-dır.
Təhsil müəssisəsinə bərpa olunan şəxslər (akademik məzuniyyətdən qayıtdıqda əvvəllər təhsil aldığı ixtisas üzrə həmin təhsil müəssisəsində kadr hazırlığı aparılmadığı halda ixtisasını dəyişən və müddətli həqiqi hərbi xidmətdən tərxis olunduqdan sonra təhsil müəssisəsinə bərpa olunan dövlət hesabına təhsil alanlar istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirə bilərlər. Təhsil haqqının məbləği vətəndaşın bərpa olunduğu tədris ili üzrə tədris olunan ixtisas üçün təyin edilmiş məbləğdə ödənilməlidir.
Peşə təhsili müəssisələrində təhsilin bərpası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 178 nömrəli qərarı ilə təsdiq edilmiş "Peşə təhsili üzrə ixtisasların Təsnifatı" ilə müəyyən olunmuş eyni ixtisas qrupu daxilində aparılır.
Müraciətçilər nəticələri barədə məlumatları müraciət qəbulu bitdikdən sonra 15 gün ərzində şəxsi kabinetdən əldə edə bilərlər.
Qaydalarla ətraflı şəkildə tanış olmaq üçün bu linkə keçə bilərsiniz.

