Yanvarın 9-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla ADU ilə Atırau Universiteti, eləcə də Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində 2025–2026-cı tədris ilinin payız semestrində təhsillərini ADU-da başa vuraraq öz universitetlərinə qayıdan əcnəbi tələbələrlə görüşüb.
“Tehsil365” xəbər verir ki, görüşdə rektor Kamal Abdulla proqram iştirakçılarını salamlayaraq mübadilə proqramlarının əhəmiyyətindən danışıb. Qeyd olunub ki, bu cür proqramlar tələbə və müəllim heyəti arasında təcrübə mübadiləsinə şərait yaradır, bilik və bacarıqların artırılmasına, həmçinin beynəlxalq akademik və mədəni əlaqələrin genişlənməsinə mühüm töhfə verir.
Tədbirdə rektorun müşaviri Coşqun Dadaşov, beynəlxalq əlaqələr üzrə prorektor Jalə Qəribova, Əlcəzair Xalq Demokratik Respublikasının vətəndaşı olan əcnəbi doktorant İnas Laheg, Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin tələbəsi Şodiya Uktamova, Atırau Universitetindən olan Assem Abdimanap və Janelya İmanussen iştirak ediblər.
Bildirilib ki, ötən il ikitərəfli əməkdaşlıq çərçivəsində 6 nəfər tələbə ADU-da təhsil alıb. Həmçinin ADU-nun Filologiya fakültəsinin Jurnalistika ixtisasının tələbəsi Nigar Zeynallı və İngilis-Alman dilləri fakültəsinin Alman dili müəllimliyi ixtisasının tələbəsi Zəhra Nəsirova Qazaxıstan Respublikasının Avrasiya Milli Universitetində mübadilə proqramında iştirak ediblər. Hazırda dövlətlərarası ikitərəfli sazişlər əsasında 4 nəfər tələbə təhsil almağa başlayıb.
Sonda mübadilə proqramı iştirakçıları ADU rektoru tərəfindən sertifikatlarla təltif olunublar. Tələbələr universitet rəhbərliyi və müəllim heyəti haqqında müsbət təəssüratlarını bölüşərək yaradılan şəraitə görə təşəkkürlərini bildiriblər.

