Xəbər verdiyimiz kimi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Biznesin iqtisadiyyatı və menecment kafedrası nəzdində 2015-ci ildən bəri fəaliyyət göstərən “Tikintinin iqtisadiyyatı və menecment” (ISSN: 2519-2507) jurnalının 10 illik fəaliyyət dövrünə həsr olunmuş yubiley sayı işıq üzü görüb.
“Tehsil365" xəbər verir ki, jurnalın yubiley nömrəsində AzMİU rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, professor Elşən Hacızadə, Milli Məclisinin deputatı, professor Ziyad Səmədzadə, Auditorlar Palatasının sədri, professor Vahid Novruzov, İqtisadi İslahatların Təhlili və Kommunikasia Mərkəzinin icraçı direktoru, professor Vüal Qasımlı və elm adamları, müxtəlif qurumların rəhbərləri, o cümlədən dünya universitetlərinin rektor və rəhbər şəxslərinin təbrikləri yer alıb.
Şimali Makedoniya Beynəlxalq Vision Universiteti rektoru, professor Ahmet Vecdi Can, Cənubi Rusiya Universitetinin rektoru, professor İmran Akperov, Cəlal Bayar Universitetinin professoru Mustafa Mıynat, Gürcüstan Texniki Universiteti Sosial elmlər fakültəsinin dekanı Aleksandr Siçinava, Xarkov Milli Avtomobil və Yol Universiteti Menecment kafedrasının müdiri, professor Oksana Krivoruçko, həmin kafedranın dosenti Nadejda Boçarova, İsrail Azrieli Akademik Mühəndislik Universiteti Sənaye mühəndisliyi və menecment fakultəsinin professoru Pini Davidov və başqaları jurnalın yubiley nömrəsinə öz təbrik və xoş arzularını çatdırıblar.
Təbrik məktublarında jurnalın 10 illik fəaliyyəti ərzində tikinti sahəsində iqtisadiyyat və menecment elminin inkişafına verdiyi töhfələr xüsusi vurğulanıb.
Bildirilib ki, jurnal yalnız milli səviyyədə deyil, beynəlxalq elmi mühitdə də əhəmiyyətli rol oynayır, tikinti iqtisadiyyatı və menecment sahəsində əldə olunan bilik və təcrübələrin dünya elminə təqdim edilməsinə mühüm töhfə verir.
Jurnal tədqiqatçılar üçün də etibarlı mənbə kimi qiymətləndirilir, elmi əməkdaşlığın genişlənməsinə, beynəlxalq şəbəkələrin formalaşmasına xidmət edir.
Qeyd edək ki, yubiley nömrəsində dünya alimləri tərəfindən jurnalın yüksək keyfiyyəti və elmi nüfuzuna verilən qiymət Azərbaycan elminin qlobal səviyyədə tanınmasına əlavə stimul yaradır.

