Yanvarın 12-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “Dövlət, cəmiyyət və qlobal çağırışlar: Prezident İlham Əliyevin mediaya müsahibəsinə akademik baxış” mövzusunda elmi-nəzəri seminar keçirilib.
Bu barədə “Tehsil365"ə institutdan bildirilib. Seminarda çıxış edən professor İlham Məmmədzadə vurğulayıb ki, Prezident İlham Əliyevin mediaya müsahibəsi dövlətçilik fəlsəfəsinin, cəmiyyətlə münasibətlərin və qlobal çağırışlara yanaşmanın kompleks ifadəsidir. Akademik təhlil göstərir ki, bu müsahibə təkcə siyasi mövqelərin deyil, həm də müəyyən ideoloji və elmi-nəzəri, strateji düşüncənin, dövlətçilik fəlsəfəsinin və qlobal proseslərə rasional yanaşmanın sistemli təqdimatıdır. Dövlət-cəmiyyət münasibətlərinin harmoniyası, qlobal çağırışlara çevik adaptasiya və milli maraqların prioritetliyi bu diskursun əsas sütunlarını təşkil edir.
Sonra İdrak nəzəriyyəsi və məntiq şöbəsinin müdiri Füzuli Qurbanov “Azərbaycan Prezidentinin televiziyaya müsahibəsinin bir sıra konseptual məqamları” mövzusunda çıxış edib. Bildirib ki, dövlət başçısı Azərbaycan alimləri qarşısına dövlətçilik baxımından böyük əhəmiyyəti olan vəzifələr qoyur. Azərbaycan Prezidenti yüksək konseptual səviyyədə milli, regional və qlobal miqyaslarda dövlətin həyata keçirdiyi siyasəti xarakterizə edib. Dövlət başçısı müsahibəsində bu prizmada daxili və xarici siyasətin əsas məqamlarını sistemli təhlil edib, qarşıda duran vəzifələri vurğulayıb, o cümlədən Azərbaycan elmi və təhsili üçün aktual olan məsələlərə aydınlıq gətirib.
Dövlət başçısının ifadə etdiyi fikirlərdən belə nəticə çıxarmaq olar ki, Azərbaycan elmi dövlətə xidmət etməlidir. Bu baxımdan, AMEA rəhbərliyinin müəyyən etdiyi və 2022-ci ilin payızından həyata keçirdiyi yeniləşmə kursunun aktuallığı, Akademiyanın strateji inkişaf konsepsiyası və “Yol xəritəsi”nin vacibliyi daha aktual görünür.
AMEA-nın müxbir üzvü, professor Könül Bünyadzadə qeyd edib ki, Azərbaycan dilinin qarşısında müasir dünyanın dinamikasından irəli gələn yeni vəzifələr dayanır. Bu vəzifələr dilin saflığının qorunması, rəqəmsallaşma və terminologiyaların elmi əsaslarla yenilənməsindən ibarətdir. Bütün bu çağırışların təhlili onu göstərir ki, Azərbaycan dilinin yeni inkişaf mərhələsinə qədəm qoyması sistemli, uzunmüddətli və elmi cəhətdən əsaslandırılmış bir yanaşma tələb edir. Odur ki, gələcək dil siyasətinin strateji istiqamətlərini müəyyən etmək ən vacib vəzifələrdən biridir.
Daha sonra institutun direktor müavini tarix elmləri doktoru Eynulla Mədətli çıxış edərək şöbələrin iş və tədbirlər planlarında Prezidentin müsahibəsində irəli sürülən məsələlərin nəzərə alınmasını təklif edib, institutun elmi əməkdaşlarının mətbuatda fəal çıxışlarının təqdirəlayiq olduğunu vurğulayıb.
Seminarda professor Arif Büniyatov, dosent Şölət Zeynalov, Nicat Məmmədov, Ramilə Dadaşova, dosent İradə Zərqanayeva çıxış edərək mövzu ətrafında öz fikirlərini bölüşüblər.

