Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə 10 yanvar 2026-cı il tarixində “Əqdlərin etibarsızlığı və ləğvi: nəzəriyyə və praktika” mövzusunda əyani qaydada interaktiv təlim keçirilib.
"Tehsil365" xəbər verir ki, təlimdə açılış nitqi ilə çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev mövzunun aktuallığını vurğulayıb və iştirakçılara təlimin məqsədləri barədə məlumat verib.
Təlimçi, Vəkillər Kollegiyasının və Vəkillərin İxtisas Komissiyasının üzvü, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili və Xəzər Universitetinin baş müəllimi Akif Əlizadə öz çıxışında çapdan çıxmış “Ailə hüquqlarının müdafiəsi” adlı dərs vəsaitindən danışıb. Bildirilib ki, bu vəsait ailənin milli və beynəlxalq qanunvericilikdə nəzərdə tutulan sosial, hüquqi və iqtisadi müdafiə hüquqlarını sistemli şəkildə izah edir və hüquqi şüurun formalaşmasına, eləcə də ailə institutunun möhkəmlənməsinə xidmət edir.
Həmçinin, iştirakçılara “Azərbaycan vəkili” elmi-praktik hüquq jurnalı təqdim olunub və jurnalın elmi əhəmiyyəti diqqətə çatdırılıb.
Təlimin əsas hissəsində Akif Əlizadə əqdlərin etibarsızlığı anlayışının nəzəri əsasları, etibarsız əqdlərin hüquqi nəticələri, əqdlərin ləğvi zamanı tərəflərin hüquq və vəzifələri, məhkəmə praktikasında müqavilə mübahisələrinin həlli mexanizmləri və digər əlaqəli məsələlər üzrə geniş çıxış edib. O, mövzu üzrə mövcud məhkəmə praktikasında qarşılaşdığı işlərdən də nümunələr təqdim edib və vəkillərlə öz təcrübəsini bölüşüb.
Təlimin sonunda iştirakçılar tərəfindən çoxsaylı suallar cavablandırılıb və müzakirələr aparılıb.

