Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi tərəfindən ümumi təhsil müəssisələrində metodik xidmətin təşkili istiqamətində fəaliyyət göstərən məktəbdaxili metodistlər və aparıcı metodistlər üçün “Beyinlə ürəyin rəqsi: şagirdləri oxumağa necə həvəsləndirək?” mövzusunda vebinar təşkil olunub.
Təhsil İnstitutundan “Tehsil365"ə bildirilib ki, vebinarın əsas məqsədi şagirdlərdə oxu bacarıqlarının və oxu mədəniyyətinin formalaşdırılması, oxuya motivasiyanın artırılması, eləcə də bu istiqamətdə müəllim və metodistlərin metodik bilik və bacarıqlarının gücləndirilməsi olub. Tədbir çərçivəsində oxunun yalnız akademik deyil, eyni zamanda, emosional və psixoloji tərəflərinə də diqqət yetirilib, oxu prosesində “beyinlə ürəyin vəhdəti” anlayışı elmi-metodik əsaslarla izah edilib.
Vebinarda şagirdlərin oxuya marağının azalma səbəbləri, oxu mühitinin yaradılması, müəllimlərin bu prosesdə rolu, müasir oxu strategiyaları və effektiv metodik yanaşmalar müzakirə olunub. İştirakçılar praktiki nümunələr və real məktəb təcrübələri əsasında təqdim olunan tövsiyələrlə tanış olub, mövzu ətrafında fikir mübadiləsi aparıblar.
Tədbirdə məktəbdaxili metodistlərin və aparıcı metodistlərin peşəkar fəaliyyətində oxu bacarıqlarının inkişafına yönəlmiş metodik dəstəyin əhəmiyyəti xüsusi vurğulanıb. Bildirilib ki, oxuya həvəsləndirmə yalnız fənn çərçivəsində deyil, bütövlükdə şagirdin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi tərəfindən metodistlər üçün peşəkar inkişafyönümlü bu kimi vebinarların və metodik görüşlərin davamlı şəkildə təşkili nəzərdə tutulur. Bu təşəbbüslər ümumi təhsil müəssisələrində metodik xidmətin keyfiyyətinin artırılmasına və tədris prosesinin daha səmərəli qurulmasına xidmət edir.

