Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar 2026-cı ildə yerli televiziyalara verdiyi müsahibə ölkənin siyasi, iqtisadi və mədəni gündəmini formalaşdıran mühüm çıxışlardan biri kimi yadda qaldı. Müsahibə yalnız siyasi proseslərin deyil, eyni zamanda mədəni kimlik məsələlərinin də ön plana çıxmasına səbəb oldu. Qaldırılan mövzular müxtəlifliyi ilə seçilsə də, xüsusən Azərbaycan dilinin qorunmasına dair səsləndirilən fikirlər cəmiyyətdə geniş rezonans doğurdu. Müsahibənin dilə həsr olunmuş məqamları dövlət başçısının bu mövzuya nə qədər prinsipial yanaşdığını göstərirdi. Prezidentin vurğuladığı əsas tezislər yalnız dilin saflığının qorunmasına çağırış deyildi, həm də mədəniyyətin, milli kimliyin və dövlət ideologiyasının mühüm elementlərini özündə birləşdirən strateji mövqenin əsaslandırılması idi.
Prezident müsahibənin əvvəlində dil məsələsinə ümumi ideoloji çərçivədən yanaşır. Onun vurğuladığı kimi, Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil, xalqa məxsusluğun, milli yaddaşın və müstəqillik şüurunun daşıyıcısıdır. Bu fikirlər dövlət rəhbərliyinin dil siyasətinə yalnız mədəni məsələ kimi deyil, milli təhlükəsizlik və dövlətçilik strategiyası kimi baxdığını nümayiş etdirir.
Müsahibədə ən çox diqqət çəkən və müzakirələrə səbəb olan fikirlərdən biri dilin saflığının qorunmasına dair idi. Prezident Azərbaycan dilinə yad sözlərin nəzarətsiz şəkildə daxil olmasını ciddi narahatlıq doğuran məsələ kimi dəyərləndirdi. Bu açıqlama ictimaiyyətdə böyük əks-səda doğurdu. Çoxları bu fikri gənclər arasında yayılmış yad sözlərə, reklamlarda işlədilən xarici ifadələrə və sosial şəbəkələrdə formalaşan dil üslubuna yönəlmiş mesaj kimi anladı.
Son illər Azərbaycan gənclərinin danışıq üslubunda müşahidə olunan dəyişikliklər dilçi mütəxəssislərin, təhsil işçilərinin və sosioloqların diqqət mərkəzinə çevrilib. Aparılan müşahidələr sosial media platformalarının üstün mövqeyinin dilin sintaktik quruluşuna, söz ehtiyatına, eləcə də ünsiyyətin norma və tempinə birbaşa təsir etdiyini göstərir. Bu tendensiya bir tərəfdən qloballaşma və rəqəmsal mədəniyyətin təbii nəticəsi kimi qəbul olunsa da, digər tərəfdən dilin zəngin ifadə imkanlarının zəifləməsi ilə bağlı ciddi narahatlıqlar yaradır. Bu gün gənclərin gündəlik dilində sintaktik ixtisarlar və cümlə quruluşunun sadələşməsi açıq şəkildə müşahidə olunur. Sosial media sürətli istehlaka əsaslanan bir mühit olduğundan ifadələr qısalır, bağlayıcı sözlər aradan çıxır, fikirlər isə fraqmentləşir. Bu tendensiya ilk növbədə yazılı ünsiyyətdə nəzərə çarpır, lakin zaman keçdikcə şifahi nitqə də sirayət edərək adi hala çevrilir.
Hər nəsil dili özünə uyğunlaşdırır, bu, təbiidir. Problem ondadır ki, gənclər dili zənginləşdirmək əvəzinə minimuma endirilmiş, sadələşdirilmiş modeldən istifadə edirlər. Müasir dövrdə geniş yayılmış “yeni telefon dili” (yəni sosial media və mesajlaşma üslubu) həm WhatsApp/Telegram yazışmalarında, həm də TikTok/Instagram şərhlərində gənclərin istifadə etdiyi “qısaldılmış”, “qarışıq”, “səs tonunu imitasiya edən” və “ifadə–emotikon qarışığı” formaları əhatə edir.
Aparılan müşahidələr göstərir ki, gənclərin danışıq tərzindəki dəyişiklik nə tam mənfi, nə də tam müsbət qiymətləndirilə bilər. Burada əsas məsələ balansın qorunmasıdır:
Gənclər dilin inkişafında fəal qüvvədir.
Lakin ana dilinin sintaktik qaydaları, klassik leksik qatları və ədəbi üslub norması unudulmamalıdır.
Rəqəmsal mədəniyyətə uyğunlaşma təbii olsa da, dilin özəyinin zədələnməməsi vacibdir.
Məlumdur ki, dil hər dövrdə dəyişir, lakin onun ana sütunları — sintaksis, leksik fond, üslub normaları — qalmalıdır. Gənclərin dili yeniləyə bilməsi üçün əvvəlcə onu dərindən bilməsi şərtdir. Gənclərin danışıq tərzində baş verən dəyişikliklər təkcə tənqid mövzusu kimi deyil, həm də praktiki həll tələb edən sosial-linqvistik proses kimi dəyərləndirilməlidir. Mütəxəssislərin fikirləri göstərir ki, dilin qorunması yalnız qadağalarla yox, kompleks və müasir yanaşmalarla mümkündür.
Dilin qorunması məktəbdən başlayır. Məktəbdə dil düzgün öyrədilmirsə, sosial media bu boşluğu dolduracaq. Sosial media gənclərin əsas kommunikasiya platforması olduğu üçün dil normalarının tətbiqi burada xüsusi əhəmiyyət daşıyır. Gənclərə dil qaydasını məcbur etməklə yox, cazibədar vizual və yaradıcı kampaniyalarla çatdırmaq lazımdır. Reklam lövhələri, televiziya proqramları və onlayn mətnlər cəmiyyətin dilə olan zövqünün formalaşmasında mühüm rol oynayır.
Hazırda bir çox reklam lövhəsində ingilis və rus sözlərinin normadan artıq işlədilməsi (sale, discount, market, store, taxi service və s.) mütəxəssislərin narahatlığını artırır. Müasir dilin yaşamaq şərti rəqəmsallaşmaqdır. Rəqəmsal resursu olmayan dil geridə qalır. Dil texnologiyalarının inkişafı Azərbaycan dilinin rəqəmsal məkanda mövqeyini möhkəmləndirə bilər.
Gənclərin danışıq tərzində baş verən dəyişikliklər Azərbaycan dilinin inkişafında yeni mərhələdir. Bu dəyişiklikləri nə panika ilə, nə də tam qəbul edərək qarşılamaq doğru olmaz. Dil mahiyyət etibarilə dinamik və yaşayan sistemdir. Ancaq bu dinamikanın sağlam istiqamətdə inkişafı üçün bəzi strateji məqamlar xüsusilə vurğulanmalıdır:
Gənclər dilin düşməni deyil — daşıyıcısıdır.
Onların dili dəyişdirməsi təbiidir, lakin bu dəyişikliklərin sağlam olması üçün onlar dilin kökünü də bilməlidirlər.
Dil siyasəti yalnız qadağa və nəzarət üzərində yox, dəstək və innovasiya üzərində qurulmalıdır.
Dil texnologiyaları, maarifləndirici layihələr, müasir dərsliklər və rəqəmsal resurslar bu sahədə əsas rol oynaya bilər.
Dilin qorunması milli identiklik məsələsidir. Ana dili yalnız ünsiyyət vasitəsi deyil, həm də mədəni yaddaşdır. Dil pozulduqda mədəni kodun özü də zəifləyir.
Dilin qorunması yalnız bir qurumun işi deyil, ümummilli məsuliyyətdir. Dilin gələcəyini qorumaq üçün keçmişi bilmək, bu günü düzgün analiz etmək və sabah üçün planlı addımlar atmaq lazımdır. Bu prinsiplə yanaşıldıqda həm Azərbaycan dili müasir dünyanın çağırışlarına uyğunlaşacaq, həm də öz kökünü, sintaksisini, poetik ruhunu və milli kimlik funksiyasını itirməyəcək.
Dilin çirklənməsi əslində düşüncə tərzinin dəyişməsi deməkdir. Media nümayəndələri dili yaşatmaqda ön sırada olmalıdır. Televiziya və media dili formalaşdırır. Ona görə də efirdə səslənən hər söz məsuliyyət tələb edir. Bu fikirlə Prezident media dilinin cəmiyyətdə yaratdığı nümunəvi rolu xatırladırdı. Onun vurğulaması bir daha göstərdi ki, jurnalistin dil mədəniyyəti bütöv bir auditoriyanın danışıq tərzinə təsir edir. Ölkə rəhbərinin mediaya ünvanlanan “öz dilinizdə özünüz nümunə olun” çağırışı “dil məsələsində hər kəs öz davranışı ilə nümunə olmalıdır” fikrinin yığcam və aydın ifadəsidir.
Müsahibədə vurğulanan digər önəmli məqam diaspora ilə bağlı idi. Prezident xaricdə yaşayan azərbaycanlıların övladlarının ana dilini bilməsinin milli kimliyin və bağların qorunması baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd etdi. Bu yanaşma diaspor təşkilatlarının fəaliyyətində dil məsələsinin əsas prioritetlərdən biri olduğunu ortaya qoyur. Eyni zamanda, bu mövqe xaricdə yaşayan ailələrin uşaqlara Azərbaycan dilini öyrətməsi üçün həm mənəvi, həm də dövlət səviyyəsində dəstəyin mövcud olduğunu ön plana çıxarır. Xaricdə yaşayan azərbaycanlıların dili unutmasına imkan verilməməlidir.
Dünya sürətlə dəyişsə də, bu proseslər milli dəyərlərin arxa plana keçməsi üçün əsas olmamalıdır. Dilçi mütəxəssislər dəfələrlə vurğulayıblar ki, qloballaşma ana dilinin istifadəsinə müəyyən təzyiqlər göstərir. Prezidentin səsləndirdiyi fikir isə tarazlı mövqeni əks etdirir: yeniliyə açıq olmaqla yanaşı, dilin əsas quruluşunu və kimlik daşıyıcısı kimi rolunu qorumaq lazımdır. Çünki dilimiz birliyimizin açarıdır. Azərbaycan dili xalqımızı birləşdirən ən mühüm dəyərdir. Bu cümlə müsahibənin ana tezisini bir cümləyə sığışdırır. Bu fikrin arxasında bir reallıq dayanır: dinamik inkişaf, çoxmillətli mühit və qlobal tendensiyalar fonunda milləti birləşdirən əsas elementlərdən biri məhz dildir.
Beləliklə, Prezident İlham Əliyevin 5 yanvar tarixli müsahibəsində səsləndirdiyi fikirlər Azərbaycan dilinə münasibətin sadəcə dilçilik və ya mədəniyyət çərçivəsi ilə məhdudlaşmadığını, bunun birbaşa dövlətçilik və milli təhlükəsizlik məsələsi olduğunu aydın şəkildə ortaya qoyur. Prezidentin vurğuladığı məqamlar göstərir ki, Azərbaycan dili milli kimliyin əsas dayaqlarından biri olmaqla yanaşı, dövlətin ideoloji və strateji sütunlarından biridir. Bu baxımdan Azərbaycan dilinin qorunması və inkişafı təkcə alimlərin, dilçilərin və ya dövlət qurumlarının vəzifəsi deyil, cəmiyyətin bütün təbəqələrinin üzərinə düşən ümummilli məsuliyyətdir.
Nəticə etibarilə, səsləndirilən bu açıqlama dil siyasətinə yeni və daha dərin məzmunlu baxış bucağı formalaşdırmaqla yanaşı, bütövlükdə cəmiyyət üçün açıq və məsuliyyətli bir çağırış xarakteri daşıyır. Bu çağırış hər bir vətəndaşı ana dilinə münasibətdə daha həssas, daha şüurlu və daha məsuliyyətli olmağa səsləyir.
fil. f. d., dosent
Xuraman Səlim qızı Əsgərova
Azərbaycan Dillər Universiteti
İngilis və alman dilləri fakültəsi nəzdində
Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri

