Yanvarın 13-də Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Bakı Slavyan Universitetinə (BSU) ünvanladığı rəsmi müraciət əsasında region müəllimləri üçün “İnklüziv və adaptiv təhsil” mövzusunda peşəkar inkişaf təlimi təşkil olunub.
“Tehsil365” xəbər verir ki, təlimdə Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarının ümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlər, psixoloqlar və korreksion pedaqoqlar iştirak ediblər. Proqram inklüziv təhsilin məktəb mühitində tətbiqi, adaptiv yanaşmaların sistemli qurulması, xüsusi təhsil ehtiyacı olan şagirdlərlə iş üzrə peşəkar bacarıqların inkişafına həsr olunub.
Təlim çərçivəsində iştirakçıların bilik və təcrübələri dəyərləndirilib, real məktəb mühitindən götürülmüş nümunələr əsasında praktik müzakirələr aparılıb. İnklüziv siniflərin idarə olunması, disleksiya və öyrənmə çətinlikləri olan şagirdlərlə fərdi yanaşmalar, eləcə də məktəbdaxili multidissiplinar əməkdaşlığın əhəmiyyəti interaktiv üsullarla təqdim edilib. Simulyasiya tapşırıqları və situativ fəaliyyətlər mövzuya praktik baxışı gücləndirib.
Sessiyanın sonunda əldə olunan rəy və müşahidələr əsasında inklüziv təhsilin region üzrə davamlı inkişafı, məktəblər arasında təcrübə mübadiləsinin genişləndirilməsi və gələcək birgə təşəbbüslərin önəmi vurğulanıb.
Qeyd edək ki, BSU-nun regionlarda təşkil etdiyi bu tip təlimlər inklüziv və adaptiv təhsil yanaşmalarının məktəb mühitində tətbiqinə, pedaqoji heyətin peşəkar inkişafına və hər bir şagird üçün bərabər təhsil imkanlarının yaradılmasına xidmət edir.

