Azərbaycan Dillər Universitetində (ADU) vakant vəzifə üzrə işə qəbul elan edilib. Namizədlərdən ali təhsil (şöbənin profilinə uyğun), Microsoft Office proqramları üzrə sərbəst kompüter bilikləri, eləcə də komandada işləmə bacarığı, məsuliyyətlilik, intizamlılıq, nəticəyönümlülük və dəqiqlik tələb olunur. Dil bilikləri də şöbənin fəaliyyət istiqamətinə uyğun olmalıdır.
Bu barədə “Tehsil365”ə universitetdən məlumat verilib. Bildirilib ki, vəzifə öhdəliklərinə fakültələr nəzdində dekanlıqlarla əməkdaşlıq çərçivəsində ixtisaslar üzrə təqaüdlərin hesablanması və nəticələrin mühasibatlığa ötürülməsi, imtahandan qeyri-müvəffəq qiymət alan, imtahana buraxılmayan və üzrlü səbəbdən imtahanlarda iştirak etməyən tələbələrin sayının təhlili daxildir.
Bununla yanaşı, imtahanlar üzrə tələbələrin ən çox kəsildiyi fənnlərin siyahısının hazırlanaraq müvafiq kafedralara göndərilməsi, nəticələrin təhlili və hesabatların tərtibi, akademik transkriptlərin hazırlanması da vəzifə öhdəlikləri sırasındadır.
Namizəd həmçinin akademik borcu olan tələbələrin təkrar tədrisə cəlb olunması ilə bağlı qeydiyyatın aparılması, əlavə tədrisin təşkili üçün əmr layihələrinin hazırlanması, eləcə də Yekun Buraxılış Dövlət Attestasiyasına buraxılan tələbələr və onlara fərqlənmə və ya adi diplom verilməsi barədə məlumatların hazırlanmasında iştirak edəcək.
Qeyd olunub ki, əmək haqqı namizədin kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən ediləcək. Müraciətlərə baxıldıqdan sonra yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Müraciət etmək istəyən şəxslər CV-lərini [email protected] elektron poçt ünvanına 21 yanvar saat 18:00-dək göndərə bilərlər.

