Azərbaycan Dillər Universitetində (ADU) akademik məsləhətçi vəzifəsi üzrə işə qəbul elan olunub. Vakant vəzifə üçün namizədlərdən fakültənin profilinə uyğun ali təhsil, Microsoft Office proqramları üzrə sərbəst kompüter bilikləri, eləcə də komandada işləmə bacarığı, məsuliyyətlilik, intizamlılıq, nəticəyönümlülük və dəqiqlik tələb olunur. Dil bilikləri də fakültənin fəaliyyət istiqamətinə uyğun olmalıdır.
Bu barədə “Tehsil365”ə universitetdən məlumat verilib. Bildirilib ki, akademik məsləhətçi tələbələrin akademik maraqlarının qorunması və müdafiəsi, tədris prosesinin təşkili ilə bağlı zəruri məlumat və sənədlərin tələbələrə təqdim edilməsi ilə məşğul olacaq.
Vəzifə öhdəliklərinə tələbələrə fərdi və qrup halında akademik məsləhətlərin verilməsi, fərdi tədris və iş planlarının tərtibində onlara dəstək göstərilməsi, il ərzində müntəzəm akademik məsləhətləşmələrin təşkili daxildir. Eyni zamanda, tələbələrin fərdi tədris planlarının qəbulu, ixtisaslar üzrə iş planlarının hazırlanmasında iştirak və fərdi tədris planlarında dəyişikliklərin aparılmasına köməklik göstərilməsi də əsas vəzifələr sırasındadır.
Akademik məsləhətçi istiqamətlər üzrə təhsil almaq üçün tələb olunan metodik materialların hazırlanmasına və mövcudluğuna nəzarət edəcək, tələbələrin fənlər üzrə attestasiyasının keçirilməsində iştirak edəcək, ali təhsil müəssisəsinin rəhbərliyi tərəfindən yaradılan nəzarət komissiyalarının işinə cəlb olunacaq.
Bundan başqa, digər universitetlərdən və ya fakültələrdən köçürülmüş, eləcə də II ali təhsilə qəbul olunmuş tələbələrə tədris prosesinin izah edilməsi, onların akademik fərqlərinin müəyyənləşdirilməsi və mövcud qaydalara uyğun məsləhətlərin verilməsi nəzərdə tutulur. Akademik borcu olan tələbələrə alt qrup dərslərinə qeydiyyat və borcların ləğvi ilə bağlı da məsləhətlər təqdim ediləcək.
Vəzifə çərçivəsində Yekun Buraxılış Dövlət Attestasiyasına buraxılmış tələbələr və diplom alan məzunların yekun attestasiyasının nəticələri ilə bağlı Tədris şöbəsindən daxil olan formaların işlənilməsi, qayğıya ehtiyacı olan tələbələrə tədris prosesində dəstək göstərilməsi və auditoriyadan kənar məsləhətləşmələrin aparılması da nəzərdə tutulur.
Qeyd olunub ki, əmək haqqı namizədin kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiyası tərəfindən müəyyən ediləcək. Müraciətlərə baxıldıqdan sonra yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Müraciət etmək istəyən şəxslər CV-lərini [email protected] elektron poçt ünvanına 21 yanvar saat 18:00-dək göndərə bilərlər.

