Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə aparıcı metodist Günay Əbilovanın peşəkar fəaliyyəti və metodik xidmət göstərdiyi məktəblərlə bağlı məlumatlar ictimaiyyətə təqdim olunub.
Bu barədə “Tehsil365”ə Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, Günay Əbilova ali təhsillidir, bakalavr və magistr pillələrini fərqlənmə ilə bitirib, ixtisasca Azərbaycan dili və ədəbiyyatı müəllimidir. Onun pedaqoji stajı 21 ildir.
Məlumata görə, onun əsas iş yeri Salyan şəhər Əliağa Kürçaylı adına 7 nömrəli texniki və təbiət fənləri təmayüllü liseydir. Günay Əbilova sertifikasiya üzrə 54, diaqnostik qiymətləndirmə üzrə isə 57 bal toplayıb.
Qeyd olunub ki, region üzrə ümumilikdə 14 metodist fəaliyyət göstərir. Günay Əbilova aparıcı metodist kimi iki təhsil müəssisəsində — Salyan şəhər Əliağa Kürçaylı adına 7 nömrəli liseydə və Salyan şəhər Nizami Gəncəvi adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində birbaşa metodik xidmət göstərir. Eyni zamanda digər 12 məktəbin metodistinə metodik dəstək verir.
Bildirilib ki, aparıcı metodistin metodik dəstək göstərdiyi məktəblər sırasında Salyan, Şirvan və Neftçala şəhər və rayonlarında yerləşən ümumtəhsil müəssisələri yer alır. Həmin məktəblər arasında Salyan şəhər Aşıq Pənah adına 1 nömrəli məktəb-lisey, Şirvan şəhər Elçin İmanov adına 10 nömrəli tam orta məktəb, Neftçala şəhər Mehman Səfərov adına inteqrasiya təlimli internat tipli gimnaziya və digər məktəblər var.
Məlumata əsasən, Günay Əbilovanın metodist kimi fəaliyyət göstərdiyi Salyan şəhər Əliağa Kürçaylı adına 7 nömrəli liseydə 620 təhsilalan və 63 nəfər pedaqoji heyət mövcuddur, onların 31 nəfəri metodik xidmətə cəlb olunub. Salyan şəhər Nizami Gəncəvi adına 2 nömrəli tam orta məktəbdə isə 1192 şagird və 104 nəfərlik pedaqoji heyət fəaliyyət göstərir, burada 47 müəllim metodik xidmətə cəlb edilib.
Aparıcı metodist kimi Günay Əbilova məktəblərdə dərsdinləmələrin təşkili, müəllimlərlə səmərəli əks-əlaqənin qurulması, müəllimlərin ehtiyaclarına uyğun metodiki görüşlərin və vebinarların keçirilməsi, eləcə də metodik inkişafın təmin edilməsi istiqamətində fəaliyyət göstərir.

