Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) 2026-cı ildən etibarən istifadəçilər üçün “Hiperkitap” rəqəmsal verilənlər bazasına abunəlik əsasında giriş imkanı yaradılıb. Platforma veb və mobil interfeyslər vasitəsilə elmi və bədii elektron resurslara fasiləsiz çıxış imkanı yaradır.
Bu barədə “Tehsil365"ə MEK-dən bildirilib.
Bu imkan MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovun İstanbula işgüzar səfəri çərçivəsində “Hiperkitap” platformasının rəhbərliyi ilə əldə olunmuş razılaşma əsasında təmin edilib.
“Hiperkitap” 30 mindən artıq türkdilli məzmunu və Türkiyənin aparıcı 500-dən çox nəşriyyatının elektron resurslarını özündə birləşdirən iri rəqəmsal kitab bazasıdır. Verilənlər bazasında ədəbiyyat, incəsənət, riyaziyyat, informatika və digər sahələri əhatə edən 36 kateqoriya üzrə minlərlə e-kitab, həmçinin 100-dən çox audiokitab təqdim olunur.
Platforma e-kitablar üzərində qeydlər aparmaq, mətn hissələrini vurğulamaq və güclü axtarış sistemi vasitəsilə məlumatlara sürətli çıxış əldə etmək imkanı ilə tədqiqatçılar və oxucular üçün geniş funksionallıq təqdim edir.
MEK oxucuları “Hiperkitap” məlumat bazasına kitabxananın oxu zallarındakı kompüterlərdən birbaşa giriş edə bilərlər.
Mərkəzi Elmi Kitabxananın rəqəmsal resurslarını genişləndirərək elmi-tədqiqat və oxu prosesinə töhfə verəcək “Hiperkitap” verilənlər bazasına aşağıdakı linklər vasitəsilə giriş etmək mümkündür:
https://www.hiperkitap.com/ və ya https://mek.org.az/e-kitabxana/dbaza.php
Qeyd edək ki, sözügedən rəqəmsal verilənlər bazası Azərbaycanda yalnız Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası üçün əlçatandır.

