Kimya İnstitutunun baş elmi işçisi texnika elmləri doktoru, dosent Elmira Nağıyevanın elmi fəaliyyətinin əsas istiqamətini mineral və yüksək temperaturda işləyən sintetik yağlara əlavə kimi müxtəlif heteroatom və funksional qruplar saxlayan aşqarların sintezi, tədqiqi və onların istehsalatda tətbiqi təşkil edir. O, laboratoriyada Bakı və Şərq nefti əsasında yaradılan M-8B, M-12VB, M-8G1, M-10G2, M-20V2F və digər motor yağlarının yaradıcı müəlliflərindən biridir.
Bu barədə “Tehsil365"ə Kimya İnstitutunun patent üzrə baş mütəxəssisi Kəmalə Məmmədova məlumat verib.
Onun sözlərinə görə, Elmira Nağıyevanın birgə rəhbərliyi və birbaşa iştirakı ilə laboratoriyada sintez edilən antioksidləşdirici aşqarlar və pentaeritrit efiri əsasında müasir aviasiyanın tələblərinə cavab verən qaz-turbin mühərrikləri üçün sintetik motor yağları hazırlanıb. Hazırda onun rəhbərliyi altında laboratoriyada sənayedə istehsal olunan əmtəə aşqarlarını əvəz edə bilən yeni çoxfunksiyalı aşqarların sintezi üzrə tədqiqatlar aparılır. Müxtəlif heteroatom və funksional qruplar saxlayan, yüksək istismar göstəricilərinə və yüksək qələviliyə malik yeni alkilfenolyat aşqarlarının (AKİ-114, AKİ-130, AKİ-140, AKİ-150, AKİ-154, AKİ-156, AKİ-162, AKİ-164, AKİ-210B, AKİ-215, AKİ-227B, AKİ-228B və s.) alınması üçün optimal şərait işlənilib. AKİ-114, AKİ-130, AKİ-140, AKİ-150, AKİ-154 və AKİ-156 aşqarlarının sənaye üsulu ilə istehsalı tövsiyə edilib.
O qeyd edib ki, Elmira Nağıyeva tərəfindən sintez olunan AKİ-114 və onun karbonatlaşdırılmış analoqu AKİ-130 aşqarlarının alınma texnologiyası Sumqayıt Aşqarlar Zavodunda sənaye sınaqlarından keçib və istehsala tövsiyə olunub. Bu aşqarların təcrübi-sənaye istehsalı institutda, sənaye istehsalı isə Sumqayıt Aşqarlar Zavodunda 2000-ci ilə qədər həyata keçirilib. Zavodun istehsalat istiqamətinin dəyişdirilməsi ilə əlaqədar həmin ildən sonra bu aşqarların sənaye istehsalı dayandırılıb.
K.Məmmədova əlavə edib ki, Elmira Nağıyevanın elmi-tədqiqat işlərinin nəticələri çoxsaylı SSRİ müəlliflik şəhadətnamələri və Azərbaycan patentləri ilə təsdiqlənib. Onun elmi məqalələri yerli, Rusiya və xarici impakt faktorlu jurnallarda, eləcə də ölkədaxili və beynəlxalq konfransların materiallarında çap olunub. Elmira Nağıyeva ümumilikdə 66 ixtiranın müəllifidir.

