Bakı Dövlət Universitetində (BDU) “Audiovizual mediada Azərbaycan dilinin saflığının qorunması yeni çağırışlar müstəvisində” mövzusunda Respublika elmi-praktik konfrans keçirilib.
“Tehsil365” xəbər verir ki, konfransda çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, Azərbaycan dili milli kimliyimizin və mənəvi varlığımızın əsas sütunlarından biridir. Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət dili siyasəti bu gün də uğurla davam etdirilir və Prezident İlham Əliyevin imzaladığı çoxsaylı fərman və sərəncamlar ana dilimizin qorunması və inkişafına xidmət edir. Rektor vurğulayıb ki, audiovizual media dil mədəniyyətinin formalaşmasında mühüm rol oynayır və bu sahədə ədəbi normalara riayət edilməsi həm peşəkar, həm də ictimai məsuliyyətdir.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, mediada dilin düzgün və səlis istifadəsi əsas prioritetlərdəndir. O, Mətbuat Şurasında Dil Komissiyasının yaradıldığını və sistemli monitorinqlərin aparılacağını diqqətə çatdırıb.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov media nümayəndələrinin dil mədəniyyətinə xüsusi diqqət yetirməli olduğunu bildirib, bu sahədə problemlərin həllinin erkən təhsildən başladığını vurğulayıb.
Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov isə qloballaşma və rəqəmsallaşmanın dilə həm imkanlar, həm də risklər yaratdığını qeyd edib. O, xarici sözlərin həddindən artıq istifadəsinin dilin leksik saflığını zəiflətdiyini və bu istiqamətdə monitorinqlərin aparıldığını deyib.
Konfransda alim və media nümayəndələri audiovizual mediada müşahidə olunan dil nöqsanları, onların aradan qaldırılması yolları və peşəkar kadr hazırlığının gücləndirilməsi ilə bağlı təkliflər səsləndiriblər.

