Baş Prokurorluq tərəfindən 15 aprel 2025-ci il tarixində elan edilən 27-ci müsabiqənin nəticələrinə əsasən, 51 gənc hüquqşünas prokurorluq orqanlarında qulluğa qəbul olunub. Qəbul olunanlardan 38-i Bakı Dövlət Universitetinin (BDU) məzunudur.
“Tehsil365” xəbər verir ki, yanvarın 13-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda müsabiqə yolu ilə qulluğa yeni qəbul edilən gənc əməkdaşların andiçmə mərasimi keçirilib. Tədbirdə prokurorluq orqanlarında qulluğa yeni qəbul olunmuş gənclərin vəzifələrə təyin edilməsi barədə müvafiq əmr elan edilib. Daha sonra gənc hüquqşünaslar təntənəli şəkildə and içib, onlara xidməti vəsiqələr Baş prokuror tərəfindən təqdim olunub.
Qeyd edək ki, gənc hüquqşünasların prokurorluq orqanlarına qəbulu Ümummilli Lider Heydər Əliyevin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçirilir.

