15 yanvar 2026-cı il tarixində Astara şəhər Şıxəli Qasımov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş bilik yarışması təşkil olunub.
"Tehsil365" xəbər verir ki, Tədbirin keçirilməsində məqsəd şagirdlərə Üzeyir Hacıbəylinin zəngin yaradıcılığı, Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı müstəsna xidmətləri haqqında biliklərin aşılanması, onların dünyagörüşünün genişləndirilməsi və intellektual bacarıqlarının inkişaf etdirilməsi olub.
Bilik yarışmasında məktəbin müxtəlif siniflərindən olan komandalar iştirak edib. Yarışma zamanı iştirakçılar Üzeyir Hacıbəylinin həyatı, yaradıcılığı, əsərləri və milli musiqimizin formalaşmasındakı rolu ilə bağlı sualları cavablandırıblar. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışma şagirdlərin fəallığı ilə yadda qalıb.
Sonda fərqlənən komandalar məktəb rəhbərliyi tərəfindən diplom və fəxri fərmanlarla təltif olunublar. Tədbir iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

