14 yanvar 2026-cı il tarixdə Qax rayon Tasmalı kənd Elçin Şahmərdanov adına tam orta ümumtəhsil məktəbində kitabxana xətti ilə böyük el sənətkarı Aşıq Ələsgərin yubileyinə həsr olunmuş “Sazın dili, Xalqın dili” başlığı altında maarifləndirici tədbir təşkil olunub.
"Tehsil365" xəbər verir ki, Tədbirin keçirilməsində məqsəd Aşıq Ələsgərin zəngin yaradıcılıq irsini şagirdlərə tanıtmaq, xalq ədəbiyyatına marağı artırmaq və milli-mənəvi dəyərlərin təbliğini gücləndirmək olub. Tədbir zamanı Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib, onun qoşma və gəraylılarından nümunələr səsləndirilib.
Şagirdlər Aşıq Ələsgərin saz-söz sənətinin Azərbaycan mədəniyyətindəki rolundan bəhs edərək, hazırladıqları çıxış və təqdimatlarla tədbirdə fəal iştirak ediblər. Kitabxanada yaradılmış tematik guşədə isə aşığın həyat və yaradıcılığını əks etdirən kitablar və məlumat materialları nümayiş olunub.
Qeyd edək ki, bu cür tədbirlər şagirdlərin estetik zövqünün formalaşmasına, xalq ədəbiyyatının təbliğinə və mədəni irsimizin qorunub gələcək nəsillərə çatdırılmasına mühüm töhfə verir.

