AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin elmi işçisi Aygül Mirzəyevanın məqaləsi Moldovada yerləşən Qaqauziya Muxtar Vilayətinin yaradılmasının 30 illiyi münasibətilə Türkiyədə nəşr olunan “Qaqauz dili və ədəbiyyatına dair yazılar” adlı topluda yer alıb.
Bu barədə “Tehsil365"ə institutdan bildirilib. Aygül Mirzəyevanın “Qaqauz dilinin etnoqrafik leksikası” adlı məqaləsində qeyd olunur ki, qaqauz dilində qorunub saxlanılan etnoqrafik leksika bu xalqın əsrlərboyu formalaşmış həyat tərzini, adət-ənənələrini və dünyagörüşünü özündə əks etdirir. Məqalədə məişət və mövsüm mərasimləri, geyim və yemək adları ilə bağlı leksika araşdırılır və həmin sözlərin linqvokulturoloji səciyyəsi göstərilir. Bildirilir ki, qaqauz etnoqrafik leksikasında slavyan, rumın və bolqar dillərinin təsiri də özünü göstərir. Bu təsir tarixən formalaşmış çoxmədəniyyətli mühitin dilə təsiri ilə əlaqədardır.
Topluda qaqauzların dili və ədəbiyyatı ilə bağlı ümumilikdə 15 elmi məqalə yer alır.

