Bakı Dövlət Universiteti (BDU) 2025-ci ildə beynəlxalq əlaqələrin inkişafını strateji prioritet kimi müəyyən edərək, müxtəlif ölkələrin aparıcı ali təhsil müəssisələri və nüfuzlu beynəlxalq qurumları ilə əməkdaşlığını həm tədris, həm də elmi-tədqiqat sahələri üzrə genişləndirib. Beynəlxalq əməkdaşlığın mühüm nəticələrindən biri kimi BDU “Sustainability Impact Network” və Beynəlxalq Dayanıqlı Kampus Şəbəkəsi (International Sustainable Campus Network-ISCN) kimi nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul olunub. Bu üzvlük universitetin dayanıqlı inkişaf, "yaşıl universitet" modeli və elmi məsuliyyət prinsipləri üzrə qlobal təşəbbüslərə qoşulmasını təmin etməklə yanaşı, BDU-nun beynəlxalq elmi platformalarda tanınmasını daha da artırıb.
Bu barədə “Tehsil365"ə BDU-dan bildirilib. İl ərzində imzalanmış əməkdaşlıq müqavilələri çərçivəsində Bakı Dövlət Universiteti ilə tərəfdaş xarici universitetlər arasında birgə elmi tədqiqatların aparılması, akademik heyətin qarşılıqlı səfərləri, elmi seminar və konfransların təşkili, eləcə də elmi nəşrlər sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl addımlar atılıb.
Beynəlxalq əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi Çin Xalq Respublikasının Anhui Universiteti ilə optoelektronika, yarımkeçirici cihazlar və texnologiyalar və mikroelektronika və nanoelektronika sahələri üzrə ikili magistr dərəcələrinin verilməsini nəzərdə tutan müqavilə imzalanıb. Bu əməkdaşlıq yalnız tədris deyil, eyni zamanda, müvafiq sahələr üzrə birgə elmi tədqiqatların aparılmasını və elmi kadr hazırlığının gücləndirilməsini də əhatə edir.
Eyni zamanda, BDU tələbələri Qazaxıstanın Satbayev adına Milli Tədqiqat Texniki Universiteti, İsrailin Holon Texnologiya İnstitutu və Çinin Anhui Universiteti ilə həyata keçirilən ikili diplom proqramları çərçivəsində müxtəlif elmi və akademik mühitlərdə təhsil alaraq beynəlxalq tədqiqat təcrübəsi qazanırlar.

