AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Gənclər Akademiyasının ilk iclası keçirilib.
Bu barədə “Tehsil365"ə AMEA-dan məlumat verilib. Bildirilib ki, iclasda AMEA-nın Gənclər Akademiyasının idarə heyəti, strukturu və yeni tərkibi müəyyənləşdirilib.
Akademik İsa Həbibbəyli Gənclər Akademiyasının yaradılmasının önəmindən və qarşıda duran vəzifələrdən danışıb, müvafiq tapşırıqlar verib.
İclasda Gənclər Akademiyasının strukturuna daxil edilən qurumlara rəhbər şəxslər də təyin olunub. Belə ki, filologiya elmləri doktoru, dosent Sərxan Xavəri Gənclər Akademiyasına elmi məsləhətçi təyin edilib. Gənclər Akademiyasının sədr müavini filologiya üzrə fəlsəfə doktoru Şəfa Əliyeva, Gənclər Akademiyasının Elmi-kütləvi tədbirlərin təşkili departamentinin müdiri filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev, Gənclər Akademiyasının Beynəlxalq Əməkdaşlıq Assosiasiyasının sədri filologiya üzrə fəlsəfə doktoru Arzu İsgəndərzadə, Gənclər Akademiyasının Rəqəmsal Mobillik Mərkəzinin müdiri isə Günel Əzimova təyin olunub.
Xatırladaq ki, AMEA Rəyasət Heyətinin müvafiq qərarı ilə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının bazasında Gənclər Akademiyası yaradılıb və dosent Elmir Babayev Gənclər Akademiyasına sədr təyin edilib. İctimai əsaslarla fəaliyyət göstərən Gənclər Akademiyası gənclərin elmi-tədqiqat fəaliyyətinə cəlb olunması, analitik və strateji düşünmə bacarıqlarının inkişaf etdirilməsi, liderlik və idarəetmə sahəsində səriştələrinin gücləndirilməsi məqsədi daşıyır.

