Akademik Milli Dram Teatrı Mədəniyyət Nazirliyinin dəstəyi ilə öz beynəlxalq əlaqələrini genişləndirir. Bu günlərdə İstanbul şəhərində Akademik Milli Dram Teatrı ilə İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrları (İBB Şəhər Teatrları), Almatı şəhərində isə Qazaxıstan Milli Teatrı ilə əməkdaşlıq haqqında memorandum imzalanıb.
Bu barədə “Tehsil365"ə Akademik Milli Dram Teatrından məlumat verilib.
Bildirilib ki, memorandumu Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, İBB Şəhər Teatrlarının direktoru Ayşəgül İşsevər və Muxtar Auezov adına Qazaxıstan Dövlət Akademik Milli Dram Teatrının direktoru Erkin Juasbek imzalayıblar.
Hər iki teatrın rəhbəri imzalanan əməkdaşlıq haqqında memorandumu teatr sənətinin gələcək inkişafı və yeni əlaqələr üçün vacib addım kimi dəyərləndiriblər. Memorandum səmərəli əməkdaşlıq, klassik və müasir dramaturgiyanın dəyərli nümunələrinin, tamaşaların yaradıcı kollektivlərinin, teatr sahəsində çalışan ayrı-ayrı peşə nümayəndələrinin - rejissor, aktyor, səhnə tərtibatçısı və kostyum ustalarının ikitərəfli mübadiləsi, forum və ustad dərslərinin keçirilməsini nəzərdə tutub.
Qeyd olunub ki, müxtəlif dünya teatrları ilə müqavilələrin imzalanması, beynəlxalq əlaqələr istiqamətində atılan addımlar teatrın prioritet istiqaməti kimi müəyyən olunub. Akademik Milli Dram Teatrı artıq Gürcüstanın Şota Rustaveli adına Milli Teatrı, Belarusun Yanka Kupala adına Milli Akademik Teatrı, T.Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrı, Rusiyanın Aleksandrinski Teatrı, Çinin Qansu Milli Dram Teatrı ilə əməkdaşlıq memorandumları imzalayıb.
İlham Əsgərov Ayşəgül İşsevəri və Erkin Juasbeki 10 mart - Milli Teatr Günü münasibətilə rəhbərlik etdiyi teatrda Türk dünyasının milli teatr rəhbərlərinin iştirakı ilə təşkil olunacaq təntənəli bayram tədbirinə dəvət edib. Qeyd olunub ki, tədbirdə bəşəriyyətin ən böyük fatehlərindən biri – Əmir Teymurun həyatından, döyüş yolundan və fəthlərindən bəhs edən, milli kimlik və milli özünüdərk ideyasını özündə ehtiva edən "LƏNG: zamanla yarışan hökmdar" adlı yeni tamaşanın premyerası olacaq.
Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrları 1914-cü ildə, Muxtar Auezov adına Qazaxıstan Dövlət Akademik Milli Dram Teatrı isə 1925-ci ildə yaradılıb.
İstanbul Şəhər Teatrlarının 800 nəfərdən çox əməkdaşı, o cümlədən 300 nəfər aktyor truppası, İstanbul üzrə 13 səhnəsi var. Teatr il ərzində 1 milyona yaxın tamaşaçıya xidmət göstərir.
Türkiyəyə səfəri çərçivəsində İlham Əsgərov Azərbaycanın Türkiyədəki konsulu Nərminə Mustafayeva ilə də görüşüb. Xanım konsul Akademik Milli Dram Teatrının beynəlxalq əlaqələr istiqamətində atdığı addımları yüksək dəyərləndirib. O, gələcəkdə Türkiyə teatrları ilə bağlı əməkdaşlıqda konsulluğun yaxından dəstək verəcəyini diqqətə çatdırıb.

