Yanvarın 16-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında görkəmli botanik alim, Biologiya və Tibb Elmləri Bölməsinin büro üzvü, Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Botanika və bitki fiziologiyası kafedrasının müdiri AMEA-nın müxbir üzvü, professor Elşad Qurbanovun 75 illik yubileyinə həsr olunan tədbir keçirilib.
“Tehsil365" xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova ölkəmizdə tanınmış alimlərin yubileylərinin dövlət səviyyəsində qeyd olunmasının artıq ənənə halını aldığını bildirib. O, AMEA-nın müxbir üzvü Elşad Qurbanovun elmi fəaliyyəti və pedaqoji yaradıcılığını elmlə təhsilin üzvi şəkildə birləşməsinin parlaq nümunəsi kimi qiymətləndirib.
Akademik vurğulayıb ki, professor Elşad Qurbanovu səciyyələndirən ən başlıca keyfiyyət onun təbiətə Vətənin əmanəti kimi yanaşmasıdır. İradə Hüseynova bildirib ki, AMEA-nın müxbir üzvü Elşad Qurbanov yüksəkixtisaslı kadrların hazırlanmasına bütün bilik və bacarığını sərf edib, öz dərin biliyini və zəngin təcrübəsini gələcək nəsillərə ötürərək böyük elmi məktəb yaradıb. Onun BDU-da uzun illər rəhbərlik etdiyi kafedra gənc tədqiqatçıların formalaşdığı intellektual mühit, canlı bir laboratoriya olub.
Professor Elşad Qurbanovun Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında biologiya və aqrar elmlər üzrə Ekspert Şurasının sədri kimi də uğurlu fəaliyyət göstərdiyini söyləyən akademik İradə Hüseynova onun bu sahədə tələbkar və prinsipial mövqeyi ilə seçildiyini, elmdə obyektivlik, ədalət və yüksək məsuliyyət prinsiplərinin qorunmasına xidmət etdiyini vurğulayıb.
Daha sonra AMEA-nın müxbir üzvü Elşad Qurbanovun həyat və elmi-pedaqoji yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.
BDU-nun Genetika və təkamül təlimi kafedrasının müdiri professor Kamilə Əliyeva yubilyarın ömür yolu və çoxşaxəli fəaliyyətinə həsr olunmuş məruzə ilə çıxış edib. Bildirib ki, professor Elşad Qurbanov 500-ə yaxın elmi əsərin, 17 dərslik, dərs vəsaiti və monoqrafiyanın, 70-dən çox proqram və metodik göstərişin, 15 ekoloji-geobotaniki xəritənin, 16 müəlliflik şəhadətnaməsinin, 1 patentin müəllifi, 28 kitabın elmi redaktorudur. Alimin son zamanlar apardığı elmi-tədqiqat işlərinin yekunları dəfələrlə mühüm nəticə kimi AMEA-nın illik hesabatına daxil edilib. O, Azərbaycanın bir çox bölgələrinin ekoloji-geobotaniki xəritələrini və Azərbaycanın bitki örtüyü xəritəsini tərtib edib.
Professor Kamilə Əliyeva əlavə edib ki, yubilyar elmi işlərinin nəticələrinə görə dəfələrlə AMEA-nın fəxri fərmanlarına, elmi-pedaqoji fəaliyyətinə görə “İlin alimi”, “İlin müəllimi” və “İlin kafedra müdiri” kimi adlara, “BDU-nun 100 illiyi” yubiley medalına layiq görülüb, 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən “Tərəqqi” medalı ilə təltif olunub, 2019-cu ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
Tədbirdə Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının məsləhətçi-professoru Vaqif Şadlinski, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Ali Attestasiya Komissiyasının sədr müavini professor Nigar Ağayeva, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru professor Mahirə Hüseynova, Naxçıvan Dövlət Universitetinin professoru, akademik Tariyel Talıbov, Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini professor Hikmət Məmmədov və AMEA-nın müxbir üzvü Misir Mərdanov çıxış edərək yubilyarın Azərbaycan elminə verdiyi töhfələrdən, sadəlik, təvazökarlıq, qayğıkeşlik kimi yüksək insani keyfiyyətlərindən söz açıb, ona xoş arzularını bildiriblər. Çıxışlarda bu gün ömrünün şərəfli illərini yaşayan professor Elşad Qurbanovun həyat yolunun, uzunmüddətli gərgin axtarışlarının gələcək nəsillər üçün örnək olduğu bildirilib.
Sonda AMEA-nın müxbir üzvü Elşad Qurbanov çıxış edərək müəllimi olmuş alimlərdən, taleyində mühüm rol oynamış böyük şəxsiyyətlərdən danışıb, Azərbaycan elminin və təhsilinin tərəqqisi naminə bundan sonra da əzmlə çalışacağını vurğulayıb. O, həmçinin yubiley tədbirinin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

