Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə “Azərisitiliktəchizat” ASC arasında sənaye–universitet əməkdaşlığının genişləndirilməsi, Texnologiyaların Transferi Mərkəzi (TTM) vasitəsilə birgə fəaliyyət imkanlarının müzakirəsi və istilik təchizatı sahəsində innovativ yanaşmaların tətbiqi perspektivlərinin nəzərdən keçirilməsi ilə bağlı görüş keçirilib.
“Tehsil365” xəbər verir ki, “Azərisitiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev çıxış edərək rəhbəri olduğu müəssisənin fəaliyyəti, mövcud və perspektivdəki layihələr barədə ətraflı məlumat verib. Ölkə üzrə istilik təchizatı sistemlərinin maksimum dərəcədə mərkəzləşdirilməsi, o cümlədən azad edilmiş ərazilərdə yeni qazanxanaların tikilməsi və mərhələli şəkildə istismara verilməsi planlarının həyata keçirildiyini bildirib. Sədr Suqovuşan şəhərində yeni qazanxana layihəsinin icrasına başlanıldığını da deyib.
AzMİU Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri, professor Nurməmməd Məmmədov universitet əməkdaşları tərəfindən əldə olunmuş patentlərin istehsalat sahəsində tətbiq imkanları barədə məlumat verib, həmin patentlərin “Azərisitiliktəchizat” ASC-nin fəaliyyətinə texnoloji və praktiki töhfə verə biləcəyini nəzərə çatdırıb. Eyni zamanda, enerji səmərəliliyinin artırılması məqsədilə mövcud enerji fondunun imkanlarından daha səmərəli istifadə olunması və fəaliyyətinin təkmilləşdirilməsi məsələləri barədə təkliflər irəli sürüb və bu istiqamətin strateji əhəmiyyətini xüsusi vurğulayıb.
Universitetin Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekanı, dosent Elgiz Həsənov normativ-texniki sənədlərə və standartlara müasir yanaşmalar əsasında yeniliklərin, qabaqcıl texnoloji həllərin inteqrasiyası ilə bağlı təkliflər irəli sürüb. AzMİU ilə istehsalat müəssisəsi arasında sıx, davamlı əməkdaşlığın qurulmasının, eləcə də istismar tələbatlarının birgə işlənilməsinin mövcud problemlərin daha effektiv həllinə imkan verəcəyini qeyd edib.
Professor Abbas Quvalov rəhbəri olduğu TTM-in fəaliyyəti çərçivəsində beynəlxalq maliyyə qurumları, xüsusilə Asiya İnkişaf Bankı ilə əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyini diqqətə çatdırıb, tələbələrin istilik təchizatı, mühəndis sistemləri sahəsinə marağının artırılması, istehsalatla əlaqəli təcrübə və iş imkanları vasitəsilə stimullaşdırılmasının məqsədəuyğun olduğunu deyib.
Görüşdə “Azərisitiliktəchizat” ASC-nin İstilik təchizatı sistemlərinin layihələndirilməsi və texnoloji innovasiya, Texniki-istehsalat şöbələrinin rəisləri Rəşad Abdullayevlə Xəqani Süleymanlı da iştirak ediblər.
Görüş zamanı tərəflər arasında qarşılıqlı fikir mübadiləsi aparılıb və:
AzMİU və “Azərisitiliktəchizat” ASC arasında birgə innovativ layihələrin həyata keçirilməsi;
Texnologiyaların Transferi Mərkəzi vasitəsilə elmi-tədqiqat işlərinin istehsalata inteqrasiyası;
birgə elmi seminarların, konfransların, master-klassların təşkili;
enerji səmərəliliyinin artırılmasına yönəlmiş təşəbbüslərin və mexanizmlərin işlənilməsi;
normativ-texniki sənədlərin təkmilləşdirilməsi istiqamətində birgə fəaliyyətin davam etdirilməsi;
– istiqamətləri üzrə ümumi razılıq əldə olunub.

