“İdman sənayesində müəllim kimi fəaliyyət göstərən kadrlar olduqca azdır. Məşqçi kimi çalışan və ya peşəkar idmançı olan şəxslər çox ola bilər. Lakin ali təhsil müəssisəsində dərs demək üçün elmi dərəcə tələb olunur. Elmi dərəcəsi olan, praktik idmandan gələn, eyni zamanda, pedaqoji təcrübəsi olan və ya pedaqoq kimi fəaliyyət göstərmək istəyən şəxslərin sayı azdır. Məsələn, həndbol və ya velosiped idmanı üzrə müəllim tapmaq bizim üçün olduqca çətindir. Qış idman növləri ixtisasımız var, amma bu sahə üzrə ölkədə mütəxəssis yoxdur. Bu səbəbdən əcnəbi mütəxəssislər dəvət edirik. Dərslərin bir qisminin Bakıda, bir qisminin Şahdağda keçirilməsi planlaşdırılır”.
“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan İdman Akademiyasının (ASA) tədris işləri üzrə prorektoru Ülkər Babayeva deyib.
O bildirib ki, müxtəlif ixtisaslarda ehtiyac səbəbindən əcnəbi mütəxəssislər Akademiyaya dəvət olunurlar: “Buna baxmayaraq, müsbət tendensiyalar da var. Son 5 il ərzində kifayət qədər məzunumuzun Akademiyada işə marağı artıb. Kadr hazırlığı prosesi məzunların müəllim kimi fəaliyyət göstərməsinə töhfə verir. Bir çox ixtisasların xüsusilə, idman tibbi, idman menecmenti ixtisaslarının məzunları Akademiyada müəllim kimi çalışırlar”.

