Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutunda siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Məmmədağa Sərdarovun anadan olmasının 85 illiyi münasibətilə tədbir keçirilib.
“Tehsil365" xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları institutun həmkarlar təşkilatının təşəbbüsü ilə təşkil edilmiş kitab sərgisində M.Sərdarovun kitabları və əmək fəaliyyəti dövründə aldığı mükafatlarla tanış olublar.
Tədbirdə institutun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, direktorun birinci müavini, tarix elmləri doktoru Eynulla Mədətli çıxış edərək yubilyarın həyatı, elmi fəaliyyəti və bədii yaradıcılığı barədə iştirakçılara geniş məlumat veriblər.
Bildirilib ki, Məmmədağa Sərdarov vaxtilə Fəlsəfə və Sosiologiya İnstitutunda “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi olub və bir necə kitabın müəllifidir.
AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, fəlsəfə doktoru, dosent Sənan Həsənov yubilyarın işə münasibətindən və insani keyfiyyətlərindən danışıb və ona rəhbərlik etdiyi təşkilatın Fəxri fərmanını təqdim edib.
Tədbirdə çıxış edən digər natiqlər də yubilyara ən xoş arzularını bildiriblər.
Sonda bütün iştirakçılara təşəkkür edən Məmmədağa Sərdarov 20 ildən artıq işlədiyi doğma kollektivin ona olan sevgisini yüksək qiymətləndirib, Yeni ildə onlara elmi fəaliyyətlərində uğurlar diləyib və yazdığı “Azərbaycan” şeirini oxuyub.

