Azərbaycan musiqi elminə dəyərli töhfələr vermiş tanınmış musiqişünas-alim, etnoorqanoloq və pedaqoq, sənətşünaslıq doktoru, professor Səadət Abutalıb qızı Abdullayevanın xatirəsi ehtiramla yad edilir.
"Tehsil365" xəbər verir ki, Səadət Abdullayeva 18 yanvar 1940-cı ildə Bakı şəhərində anadan olub. O, uzun illər Azərbaycan musiqi mədəniyyətinin, xüsusilə milli musiqi alətlərinin elmi tədqiqi ilə məşğul olub, etnoorqanologiya sahəsində fundamental araşdırmalar aparıb. Alimin elmi fəaliyyəti Azərbaycan musiqi irsinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyıb.
Professor Səadət Abdullayeva pedaqoji fəaliyyəti ilə də seçilib, onlarla gənc musiqişünasın yetişməsində böyük rol oynayıb. Onun elmi əsərləri, monoqrafiyaları və məqalələri bu gün də musiqişünaslar üçün mühüm mənbə hesab olunur.
Görkəmli alim 12 mart 2017-ci ildə Bakı şəhərində vəfat edib. Səadət Abdullayevanın zəngin elmi irsi və Azərbaycan musiqi elminə xidmətləri daim xatırlanacaq.

