Azərbaycan kino sənətinin inkişafında mühüm xidmətləri olan tanınmış kinorejissor və ssenarist, Azərbaycan SSR xalq artisti, Dövlət mükafatı laureatı Eldar Tofiq oğlu Quliyevin xatirəsi ehtiramla yad edilir.
"Tehsil365" xəbər verir ki, Eldar Quliyev 18 yanvar 1941-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan kinosunda özünəməxsus dəst-xətti, bədii yanaşması və peşəkar rejissorluq üslubu ilə seçilib. Onun ekran əsərləri milli kino tarixində mühüm yer tutur və bu gün də aktuallığını qoruyur.
Yaradıcılıq fəaliyyətinə görə 1978-ci ildə Azərbaycan SSR Dövlət mükafatına layiq görülən Eldar Quliyev, 1982-ci ildə Azərbaycan SSR xalq artisti fəxri adına layiq görülüb. 1987-ci ildən etibarən “Debüt” studiyasının bədii rəhbəri kimi gənc kino xadimlərinin formalaşmasına xüsusi diqqət yetirib.
Eldar Quliyev uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino kafedrasında professor kimi fəaliyyət göstərərək, onlarla rejissor və kino mütəxəssisinin yetişməsində əvəzsiz rol oynayıb.
Görkəmli sənətkar 16 aprel 2021-ci ildə Bakı şəhərində vəfat edib. Eldar Quliyevin zəngin yaradıcılığı və Azərbaycan kinosuna verdiyi töhfələr daim xatırlanacaq və yüksək qiymətləndiriləcək.

