Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm xidmətləri olan tanınmış bəstəkar, pedaqoq və ictimai xadim Əhməd-Cövdət İsmayıl oğlu Hacıyevin xatirəsi hörmətlə yad edilir.
"Tehsil365" xəbər verir ki, Əhməd-Cövdət Hacıyev 18 iyun 1917-ci ildə Nuxa (indiki Şəki) şəhərində anadan olub. O, Azərbaycan professional musiqisinin formalaşması və inkişafında əhəmiyyətli rol oynayıb, milli bəstəkarlıq məktəbinin tanınmış nümayəndələrindən biri kimi yadda qalıb. Onun yaradıcılığı simfonik, kamera və vokal musiqi janrlarını əhatə edib.
Görkəmli bəstəkar uzun illər Azərbaycan Dövlət Konservatoriyasında fəaliyyət göstərib, rektor və professor kimi musiqi təhsilinin inkişafına mühüm töhfələr verib. Onun pedaqoji fəaliyyəti nəticəsində çoxsaylı tanınmış musiqiçilər və bəstəkarlar yetişib.
Əhməd-Cövdət Hacıyev yüksək yaradıcılıq nailiyyətlərinə görə 1960-cı ildə Azərbaycan SSR xalq artisti fəxri adına layiq görülüb. O, həmçinin 1946 və 1952-ci illərdə iki dəfə “Stalin” mükafatı ilə təltif olunub.
Görkəmli bəstəkar 18 yanvar 2002-ci ildə Bakı şəhərində vəfat edib. Əhməd-Cövdət Hacıyevin zəngin yaradıcılıq irsi və Azərbaycan musiqi sənətinə verdiyi töhfələr daim xatırlanacaq və yüksək qiymətləndiriləcək.

