“Retro Baku” verilişinin növbəti buraxılışı Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən, şair Nüsrət Kəsəmənliyə həsr olunub.
“Tehsil365” xəbər verir ki, verilişdə şairin oğlu Rəşad Kəsəmənli atasının həyatındakı həssas məqamlardan birini xatırladıb.
O bildirib ki, Nüsrət Kəsəmənli anası ilə evlənməzdən əvvəl keçmiş sevgilisinin ölüm yatağında atasının yanına getmişdi. Rəşad Kəsəmənli qeyd edib ki, anasının bu mənəvi böyüklüyü atasının yaradıcılığında həlledici rol oynayıb: “Əgər anamdan başqa biri atamın həyatına daxil olsaydı, Nüsrət bəlkə də zirvəyə yüksələ bilməzdi. Yaradıcı insan azad olmalıdır”.
Xalq şairi Sabir Rüstəmxanlı Nüsrət Kəsəmənlinin ağır avtomobil qəzasından möcüzəvi şəkildə sağ qalmasını xatırlayıb: “Oğlum zəng vurub dedi ki, Nüsrət əmi qəzaya düşüb. Telefonuna zəng etdim, özü açdı. Dedim, sən sağsan? Nüsrət “hələ sağam, ölümdən qayıtmışam” dedi”.
Musiqiçi və bəstəkar Cabbar Musayev isə şairin son günləri haqqında danışıb. O bildirib ki, Nüsrət Kəsəmənliyə əməliyyat üçün bir neçə ölkədən seçim təklif olunub, lakin şair Təbrizə getmək istədiyini deyib. Əməliyyatdan sonra vəziyyəti ağırlaşıb və nəticədə Nüsrət Kəsəmənli gözlənilməz bir səbəbdən dünyasını dəyişib.
Verilişdə şairin həyatı və yaradıcılığı barədə xatirələr, həmçinin onun şəxsiyyətinə dair maraqlı epizodlar da təqdim olunub.

