Yanvarın 30-da və 31-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Şərəf” və “Şöhrət” ordenli Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə “Zal qızı Zalxa” komediyasının premyerası olcaq.
Bu barədə “Tehsil365"ə teatrdan məlumat verilib.
Bildirilib ki, yazıçı-dramaturq Əli Əmirlinin “Yeddi məhbusə anası” pyesi əsasında ərsəyə gələn tamaşanın bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, quruluşçu rejissoru Prezident mükafatçısı Samir Qulamovdur.
Tamaşanın süjeti polis məntəqəsinin müvəqqəti saxlama təcridxanasında baş verən tragikomik hadisələr üzərində qurulub. Dəmir barmaqlıqlar arxasında saxlanılan yeddi məhbus qadın və onları qorumağa çalışan ananın duzlu-məzəli əhvalatı tamaşaçılara gülüş dolu anlar bəxş edəcək. Komediyada ana fədakarlığı, qadın taleyi, ailə və cəmiyyət arasındakı bağların möhkəmliyi də ön plana çəkilir.
Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, dirijoru Səməd Süleymanlı, xormeysteri Məlahət Qasımova, konsertmeysteri Fidan Əliyeva, rejissor assistenti Razimə İsmayılovadır.
Tamaşada Xalq artisti ilə yanaşı, Əməkdar artist Əzizağa Əzizov, Prezident mükafatçısı Ülviyyə Əliyeva, aktyorlar Hüseyn Əlili, Gülcahan Salamova, Türkel Tariqpeyma, Ofeliya Məmmədova, Gültac Əlili, Gülnarə Əzizova, Nərmin Əliyeva, Nigar Rüstəmova və Cəbrayıl Cəbrayılov, həmçinin teatrın xor və balet artistləri iştirak edəcəklər.
Qeyd edək ki, aktrisa bu obrazı 2007-ci ildə Əməkdar incəsənət xadimi Oruc İzzətoğlunun quruluşunda da uğurla ifa edib.

