Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında kitabxana və Bakı Şəhər Yasamal rayonu üzrə Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Azadlıq yolunda şəfəq oldunuz” adlı tədbir təşkil edilib.
Kitabxanadan “Tehsil365"ə bildirilib ki, tədbir Ulu Öndər Heydər Əliyevin və dövlətin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş qəhrəman Azərbaycan oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə Respublika Gənclər Kitabxanasının Elmi işlər üzrə direktor müavini Günay Həsənova 20 Yanvar gününün həm hüzn, həm də qürur günü olduğunu bildirib. Gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmaları, qan yaddaşımız olan tarixi günlərin daim yad edilməsi üçün bu cür tədbirlərin əhəmiyyətindən danışaraq, 20 Yanvar hadisələrinin Azərbaycanın müstəqilliyi yolunda ilk dönüş nöqtəsi olduğunu və bu günün heç zaman unudulmayacağını, gələcək nəsillərin faciə qurbanlarının xatirəsini daim ehtiramla yad edəcəklərini bildirib.
Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə Gənclər və idman sektorunun aparıcı məsləhətçisi Rəna Ağayeva 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymətin məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən verildiyini söyləyib.
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru, 225 nömrəli tam orta məktəbin direktor müavini Zemfira Nusalova Azərbaycan xalqının tarixində ən faciəli, ən ağrılı, eyni zamanda ən şərəfli günlərdən biri olan 20 Yanvar faciəsinin dərin hüzn və ehtiramla yad edildiyini və bu hadisələrin bəşəriyyətə qarşı törədilmiş ağır cinayət olduğunu bildirib.
ADMİU-nun Tələbə Gənclər Təşkilatının sədri Fidan Məlikzadə 20 Yanvar hadisələrinin xronologiyasına nəzər salıb.
Tədbirdə 225 nömrəli tam orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış edib və Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “20 Yanvar – Milli qürur dastanı” adlı videomaterial nümayiş olunub.

